Ramiz Mehdiyevin erməni və rus dilində səlist dnışa bilən qızı Kəmalə Əliyeva "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbi binasının müsadirəsinə dair qərardan şikayət verib.
İşi Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırıb. Hökm və əmlakların müsadirəsi haqda qərarı da bu məhkəmə çıxarıb. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib. Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan Mehdiyevin qızı bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərərək məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu vurğulayıb.
K.Əliyeva məhkəmədə R.Məmmədovun həyat yoldaşına - məktəbin digər payçı və təsisçisi Mehriban Məmmədovaya və Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb. Ancaq Səbail Rayon Məhkəməsi həmin iddiaya baxmaqdan imtina edib.
Faktiki olaraq, Ramiz Mehdiyev qızının adı ilə Azərbaycan Ədliyyə Nazirliyinə, yəni, dövlətə, hakimiyyətə qarşı məhkəmə iddiası qaldıraraq, mülkiyyət davası aparır, Azərbaycan məhkəməsindən haqq-ədalət istəyir. Bu o deməkdir ki, bir zamanların “boz kardinalı”, “Rusiya canişini”, az qala ölkənin “hakimi-mütləqi” Ramiz Mehdiyev bu gün Azərbaycan məhkəmələrinin ümidinə qalıb. O məhkəmələrin ki, Prezident Administrasiyası rəhbəri olanda onlara yüzlərlə, minlərlə sifarişlər verib, haqsız, ədalətsiz, insafsız qərarlar çıxartdırıb. İndi özü və ailə üzvləri həmin məhkəmələrdən ədalət istəyir...
Azərbaycan hüquq-mühafizə, məhkəmə sisteminin vəziyyətini nəzərə alsaq, sırf hüquqi, qanuni, texniki baxımdan ola bilsin ki, doğrudan da iddia qaldıran mehdiyevlərə qarşı haqsızlıq edilib. Mehdiyevin özü bu cür məsələlərin məhkəmələrdə həll olunmadığını hamıdan yaxşı bilir. Buna baxmayaraq, ümumilikdə ölkədəki ədalət tərəzisinin və onun tərkib hissəsi olan bugünkü məhkəmə sisteminin formalaşmasında “misilsiz xidmətləri” olan sabiq PA rəhbərinin həmin məhkəmələrdən ədalət istəməsi həm ibrətamiz, həm də acınacaqlı mənzərədir. Bu mənzərə hər nə qədər “ürəkdən tikan çıxaran”, “ilahi ədalət” təsiri bağılasa da, eyni zamanda o deməkdir ki, mehdiyevlər, qaralovlar, mahmudovlar və s. getsə də, dövlət institutları, məhkəmələr, həmçinin, ümumilikdə cəmiyyətdəki “ədalət tərəzisi” o qədər də dəyişməyib və yaxın zamanda dəyişənə də bənzəmir...
- 00:28Beləliklə, mehdiyevlərin adına olan mülklərin cüzi də olsa bir hissəsi əllərindən alınır. Baxmayaraq ki, adətən məmur elitasında əmlak məsələsində bir-birilərinin “ayağını tapdamırlar”. Hətta bir zamanların ən qatı “müxalifət lideri” olan Rəsul Quliyevin belə mülklərinə demək olar, dəymədilər. Sonuncu dəfə onun adına olan böyük və bahalı torpaq sahəsini də özünə qaytardılar. Ona görə də ola bilsin, R.Mehdiyevin “şikayəti” də nəzərə alınacaq...
Əlbəttə ki, Mehdiyevin ailəsi bir bina, yaxud mülk itirməklə kasıb olmayacaq. Zatən bu mülklərin, əmlakların, aktivlərin sayı-hesabı yoxdur. Bu baxımdan anlamaq olmur, bu mülkiyyət davası prinsip məsələsidir, yoxsa adi acgözlük, tamahkarlıq, var-dövlət hərisliyi?...
Əslində, bu əhvalatın başqa bir vacib tərəfi var. Göründüyü kimi, bu gün akademik(!) və filosof(!) Ramiz Mehdiyevin davası cəmiyyəti düşündürən yüksək mədəni, elmi, fəlsəfi, hüquqi, siyasi dəyərlər, dövlətçilik, şəxsiyyət, mənəviyyat və s. davası yox, mülkiyyət davasıdır! Bu baxımdan hazırda onunla məsələn, sabiq deputat Hüseyn Abdullayevin (“Quska”), yaxud mülkləri əlindən alınan hansısa sabiq icra başçısının heç bir fərqi yoxdur. Və bundan böyük özünüifşa da ola bilməz! Bəs vəzifədə olduğu illərdəki millətin, dövlətin bugünü və gələcəyilə bağlı konseptual, elmi-siyasi, akademik çıxışlar, açıqlamalar, məqalələr və s. necə oldu? Nədənsə həmin dövrdəki “mütəfəkkir”, “filosof”, “akademik” statusları ilə bu gün dövlətlə mülkiyyət davası aparan “iş adamı” statusu qətiyyən üst-üstə düşmür. Məntiqlə “akademik və filosof” Mehdiyev bu gün dövlətlə, hakimiyyətlə, millətlə mülk davası yox, tamamilə başqa şeylərin - savadsızlığın, mövhumatın, geriliyin, elmsizliyin, hüquqsuzluğun və s. davasını etməli idi. Xüsusilə də bilə-bilə ki, Azərbaycanda hamı bu mülklərin hansı pullarla, hansı yollarla alındığını, mənimsənildiyini gözəl bilir.
Mehdiyev bu mülk davası və məhkəmələrə şikayətlərilə elə bir mənzərə yaradır ki, onun vaxtilə dərc etdirdiyi palaz-palaz məqalələr, çıxışlar, kitablar hazırda bəlkə də “San-Marino” universitetinin, yaxud Elşad Abdullayevin saxta universitetinin diplomunu almış, minlərlə sifarişli hökmlər çıxarmış hansısa bir hakimin qərarından dəyərsiz olur.
Digər tərəfdən, bütün bu baş verənlərdə təəccüblü bir şey yoxdur - Azərbaycanın köhnə və yeni tarixində “əsərləri”, məqalələri, kitabları sonradan makulaturaya çevrilən azmı saxta alimlər, akademiklər, siyasətçilər, mütəfəkkirlər olub?...
C.Məmmədov
“AzPolitika.info”