Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət Nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb.
“Faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.
Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.