"İlk növbədə, mən bir daha Avropa İttifaqı Şurasının Prezidenti cənab Donald Tusku Azərbaycanda salamlamaq istərdim. Bu, cənab Prezidentin ölkəmizə ilk səfəri deyil, Avropa İttifaqı Şurasının Prezidenti qismində ikinci səfəridir. Mən dəfələrlə Brüsseldə səfərdə olmuşam. Beləliklə, bu, bizim çox fəal siyasi dialoq apardığımızı göstərir. Cənab Prezidentin bugünkü səfəri bir daha onu nümayiş etdirir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
"Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur", dövlət başçısı bildiirb.