Aralıq dənizində üz-üzə duran dövlətlər arasında kritik müharibə başlaya bilməz. İsrail, Fələstin, Livan, Kiprin sahillərində tapılan nəhəng qaz yatağına görə dünya dövlətləri bir-birilə müharibə aparmaz. Yəni bu bəşəriyyətin sonunu gətirmək üçün yetərli səbəb deyil.
Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Aralıq dənizində müşahidə edilən gərgin durumu şərh edərkən deyib.
O, əlavə edib ki, Aralıq dənizində neft-qaz axtarışına çıxan dövlətlər maraqları uzlaşana qədər bir-birinə təzyiqlər edəcək: “Bu, həmişə belə olub. Xəzər dənizində neft-qaz yataqları məsələsində Rusiya və İranla əvvəl münasibətlər pisləşdi, sonra yaxşılaşdı. Hər şey qaydasına düşdü, tərəflər sakitləşdi. Aralıq dənizində də buna oxşar proses gedir. Əvvəl İsrail istəyirdi ki, nəhəng qaz yataqlarını təkbaşına istismar etsin. Sonra Türkiyə elan etdi ki, Şimali Kıprız şelfində qaz axtarışları aparacaq. Livan dedi ki, orada mənim də payım var. Yunanıstan da axtarışlar aparır. Yəni Aralıq dənizində baş verənləri karbohidrogen ehtiyatları uğrunda aparılan mübarizə kimi qəbul etmək lazımdr”.
Zərdüşt Əlizadə əlavə edib ki, ABŞ Hərbi Donanmasının VI Donanması hər zaman Aralıq dənizində mövqe tutub: “Mənim ağlım kəsəndən, 1956-cı ildən qəzet oxuyuram və hər zaman da ABŞ donanmaları Aralıq dənizində olub. Burada yeni bir şey yoxdur”.
Müsahibimiz əlavə edib ki, Aralıq dənizində baş verənlər iqtisadi maraqlar üzərində qurulan geosiyasi hadisələrdir: “Əvvəla, bəzi məsələlərdə maraqlar üst-üstə düşür, bəzi məsələlərdə fərqlilik yaranır. Türkiyə-Rusiya bir çox məsələlərdə müttəfiqdir. Amma Liviya məsələsində Rusiya marşal Haftara dəstək verir, onu silahlandırır. Türkiyə isə Qərb tərəfindən dəstəklənən Milli Barış Hökumətini müdafiə edir. Ərdoğan elan edir ki, Haftarın ətrafında 2 minə yaxın “Vaqner” muzdlusu döyüşür və mən də ora qoşun göndərəcəyəm. Amma bu o demək deyil ki, sabah Türkiyə və Rusiya Liviyaya görə müharibə aparacaq. Yox, hərə öz əzələsini və qətiyyətini sərgiləyir. Suriyada da üst-üstə düşən və fərqlənən məsələlər var. Türkiyə Liviyanın Qərb tərəfindən dəstəklənən hökuməti ilə Aralıq dənizinə dair saziş imzalayıb. Rusiya da Bəşər Əsədlə birgə Aralıq dənizində qaz axtarışı həyata keçirir. Yunanıstan, yunan Kipri və İsraildə bir araya gəlib. Əgər bu baş verirsə, deməli, Türkiyəyə qarşı siyasət qururlar. Amma bu o demək deyil ki, Türkiyə-Yunanıstan arasında müharibə başlayacaq. İndi maraqlı dövlətlər Aralıq dənizində qaz axtarışı prosesində qədeş söhbətləri edir, bir-birini itələyir, “gözünü ovaram” deyir. Amma ciddi müharibə olmayacaq. Bir müddətdən sonra görəcəksiniz ki, bu məsələlər səhmana düşəcək və ortada olan qazı və ya nefti də böləcəklər”.