Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin də namizədliyi 113 saylı Şəki şəhər seçki dairəsindən təsdiq olunub. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli fb səhifəsində yazıb:
"Vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin də 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub. Nicat Mustafazadə KAPİTAL BANK ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur.
Atası Nasir Mustafazadə "Azəri Servis LTD"nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun sahib olduğu şirkət irihəcmli tenderlərin "qalibi" olub, əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk iş adamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu".