Suraxaı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun
sol tərəfi, (Mərkəzi küçə) yaşayış massivi sakinlərindən Bayram Bayramov və digərləri tərəfindən respublikanın direktiv orqanlarına və bir nüsxəsi də İfadetv.com saytına ünvanlanmış şikayətdə 19 ildir ki, yolsuzluqdan əziyyət çəkən qəsəbə sakinlərinin dərdinin üstünə bir dərddə əlavə olunduğundan gileylənirlər. Dövlət başçısına ünvanlanmış şikayəti oxucuların diqqətinə çatdırırıq:
Çoxhörmətli Prezident !
Siz həmişə öz işinizlə, öz fəaliyyətinizlə doğma xalqımıza ləyaqətlə xidmət edir və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səylərinizi davam etdirirsiniz. Xalqımız Sizin bütün xidmətlərinizi yüksək qiymətləndirir.
Cənab Prezident! Son 8 ildə şəxsən Sizin tərəfinizdən qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişaf” Proqramı üzrə Azərbaycanın hər bir rayonunda irimiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi prosesi uğurla davam etdirilir.
Biz, sakinlər vaxtilə, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin şəxsi qəbulunda olarkən xahiş etmişdik ki, əlillər, Ermənistan qaçqınarı, dövlət qarşısında xüsusi xidməti olan vətəndaşlara fərdi mənzil tikintisi üçün bir münasib yer ayırsın. Qəbul zamanı Ulu Öndərin birbaşa Bakı şəhər İcra hakimiyyətinin başçısına verdiyi göstərişdən sonra, az keçmədi ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11.02.2000-ci il tarixli, 134 saylı sərəncamı əsasında Suraxanı rayonun, Bakı-Aeroport yolunun sol tərəfində yaşayış massivinin ayrılması qərara alınmışdır. Elə o vaxtdan 19-cu ildir ki, biz bu massivdə yaşayırıq. Yaşadığımız bu qəsəbədə mənzillərimizin su təchizatını əvvəlcə öz şəxsi hesabımıza qaydaya salsaq da, 2012-ci ildən həm su, həm də elektrik enerjisi ilə bağlı problem dövlətin aidiyyatı idarəsi tərəfindən kabelləşmə nəticəsində birdəfəlik həll edilmişdir. Mənzillərin təbii qaza olan ehtiyacı da öz həllini tapmışdır.
Lakin bununla yanaşı, çox təəssüflə qeyd etmək istəyirik ki, iki mindən çox ailənin yaşadığı qəsəbəmiz ölkəmiz üzrə infrastrukturun genişlənməsi və inkişafı üzrə baş verən proseslərdən sanki ayrı düşmüş, yaddan çıxmışdır. Belə ki, qəsəbəmiz 20 metr eni olan bir Mərkəzi küçədən və eni 10 metr olan 29 məhəllədaxili yollardan ibarətdir. Hər bir fiziki şəxsə fərdi yaşayış evinin tikintisi üçün dövlət tərəfindən 400 kv.m torpaq sahəsi ayrılmışdır ki, hazırda 1500 ailə bu torpaqlarda mənzil tikərək yaşayırlar.
Hazırda yaşadığımız Mərkəzi küçəyə perpendikulyar olan Samir Əliyev küçəsi boyunca “Yeni-Şuşa” qəsəbəsi istiqamətində magistral kanalizasiya xətti qəsəbəmizin ortasından keçir və 8 ildir ki. inşa edilmişdir. Qəsəbəmizdəki 7,8, 9, 10, 11 və 12-ci keçidlərində yaşayan sakinlər isə əsas kanalizasiya xəttinə yaxın olduqlarına görə hər bir ailə 300-400 manat xərc çəkməklə kustar üsulla, heç bir lükdən istifadə etməməklə bu xəttə qoşulmuşdur. Qəsəbəmizin kənarlarında yaşayan və əsas kanalizasiya xəttindən uzaq olan biz sakinlərin isə bu xəttə qoşulmağımız üçün 600-1000 manat xərc çəkməyimiz tələb olunur. Aidiyyatı məmurlarımız tərəfindən İnsanlara qarşı göstərilən belə hörmətsizliyi biz Sizə olan hörmətsizlik kimi başa düşürük. Çünki o adamlar öz qanunazidd hərəkətlərilə konkret olaraq Sizin qəbul etdiyiniz “Regionların sosial-iqtisadi inkişafı”na dair Dövlət Proqramına qarşı çıxırlar. İndi işin digər acınacaqlı halı baş verməkdədir. Qəsəbəmizdə olan 316 saylı tam orta məktəbin yaxınlığında 0.4 ha torpaq sahəsində özəl kommersiya obyekti tikmiş bir şəxs “Azərsu” ASC-yə müraciət edərək onun obyektini 0.8 km yaxınlıqda olan əsas kanalizasiya xəttinə qoşulmasını xahiş etmişdir. “Azərsu” ASC-də öz növbəsində hnsısa müqavilə bağladığı podratçı firmaya bu məslənin həll edilməsini tapşırmışdır. Budur, həmin obyektə ayrıca kanalizasiya xətti düzülüb-qoşulsa da, bizim yaşadığımız məhəllənin bütün yol-izini yenidən qazıb töküb xarabalığa çevirmişlər. Xəttin çəkilişindən sonra da qoyduqları dəmir lükləri və uzun illər hamarlaşdırdığımız yolları alt-üst çevidiklərindən çox pis vəziyyətə salmışlar. Bir sözlə, “Azərsu” ASC-nin podratçı təşkilatı aldığı pul müqabilində çox keyfiyyətsiz işlər görməklə, onsuz da qara olan qanımızı bir az da qaraltmişlar. İndi yaydır, tozdan yola çıxmaq olmur, dəmir lüklərə ilişən avtomobillərə tez tez ziyn dəyir. Qocalar,xəstələr nahamar yolda hərəkət etməyə əziyyət çəkirlər və s. Onsuz da 19 ildir ki, paytaxt Bakının mərkəzində layihələr əsasında salınmış yaşayış massivində yolsuzluqdan, kanalizasiya xəttinin olmamasından min bir əziyyət çəkirdik. Bu da oldu min birinci. Biz bu barədə yerli bələdiyyə və icra orqanlarına məlumatlar versək də nəticəsi olmamışdır.
Cənab Prezident, Biz hamılıqla Sizin ölkəmizdə apardığınız genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirir və daim ətrafınızda sıx birləşərək həmrəy olduğumuzu bir daha bəyan edir və xahiş edirik:
Sizdən əvvəlcə çox xahiş edirik ki, aidiyyatı dövlət qurumlarına 19 il qanuni yaşadığımız qəsəbəmizin kanalizasiya və yol çəkilişinin başlanması üçün göstəriş verəsiniz ki, indi “Azərsu” ASC tərəfindən bərbad vəziyyətə salınmış yollarımız və kanalizasiya xəttlərimiz də nəhayət mövcud olsun. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Hörmətlə,
qəsəbə sakinləri adından Bayram Bayramov