Azərbaycanda elektronika mağazaları şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhtəliyi qoyulmur.Ona görə də elektronika mağazalarının fırıldaqları adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. “Kontakt Home”, “Baku Electronics”, “İrşad Electronics”, “Soliton”, “World Telecom”, “Myshops” kimi şəbəkə mağazalarında məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları məhz bu səbəbdən yaşanır.
Bu sözləri Tribunainfo.az-a elektronika məhsulları üzrə mütəxəssis, araşdırmaçı İlkin Məmmədkərimov bildirib. O qeyd edib ki, elektronik məhsullar satan bu şəbəkə mağazaların qurduğu iş fırıldaqdır:
“İstər məişət əşyası, istərsə də mobil telefon, planşet, komputer aldıqda məhsula minimum 1 il, bəzi markalara isə 2, 3, 5 il zəmanət verilir. Çox müştərinin məlumatı yoxdur ki, əslində zəmanət 3 cür olur:
Rəsmi zəmanət (İstehsalçı tərəfindən verilən rəsmi zəmanət),
Mağaza zəmanəti (Məhsulu satan elektronika şirkəti tərəfindən verilən zəmanət),
Servis zəmanəti (Mobil telefon, komputer, məişət əşyasının təmiri ilə məşğul olan servis şirkətinin verdiyi zəmanət).
Məhsul alarkən yalnız rəsmi zəmanətli məhsul almaq lazımdır. Rəsmi zəmanət o deməkdir ki, istehsalçı özü öz satdığı məhsula rəsmi zəmanət verir. Məsələn, tutaq ki, siz LG brendinə məxsus paltaryuyan alırsınız. LG şirkəti sizə satdığı məhsula görə özü zəmanət verir. Belə olan halda təbii ki, məhsulda texniki problem çıxma ehtimalı çox azdır və texniki problem çıxsa belə brend müştəri məmnuniyyəti üçün məhsulu yenisi ilə əvəz edir.
Bizdə elektronika şirkəti 60-dan çox brendin məhsulunu satırsa onun 10-15-nə rəsmi distribütoru olan brendlərə rəsmi zəmanət verir, qalan brendlərə isə adi mağaza və servis zəmanəti verir ki, əslində bütün problemlərin kökündə məhz bu məqam dayanır. Halbuki bütün dünyada hökümət elektronika mağazaları şəbəkələrinin üzərinə rəsmi zəmanət tələbi qoyur yəni elektronika mağazaları şəbəkələri məhsulu yalnız rəsmi zəmanətlə sata bilər. İstehlakçı Hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə məhsulda aylar, hətta 1 ildən 5 ilə qədər, bəzi brendlərdə 10 ilə, 15 ilə, 20 ilə qədər müddət ərzində mühərrik başda olmaqla hər hansısa bir texniki problem olarsa, yəni məhsul xarab olarsa dərhal yenisi ilə əvəz olunur. Aldığınız paltaryuyan, soyuducu, qabyuyan və s. məişət əşyasının üzərinə baxsnız görərsiniz ki, mühərrikə brenddən asılı olaraq 10 il, 15 il, 20 il zəmanət verilir.
Bizdə isə məhsul alınan günün sabahı problem çıxarsa, nəinki məhsulu qaytarmaq və yenisi ilə əvəz etmək olur, ümumiyyətlə elektronika şirkəti şikayətlə maraqlanmır. In yaxşı halda məhsulı servisə göndərilir”.
Mütəxəssis bildirib ki, bir çox brendin ölkədə rəsmi satışı və servisi olmadığı halda illərdir həmin brendlərin məhsulları elektronika şirkətləri tərəfindən satılır. Yəni “brend” adı ilə satılan o məhsulların haradan gətirildiyi isə məlum deyil.