İki gün əvvəl nüfuzlu “The Insider” saytı yazmışdı ki, Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov ümumi dəyəri 600 milyon rubl (9 milyon 756 min dollar) olan daşınmaz əmlaka sahibdir və bu, Rusiyanın 1 nömrəli diplomatının indiyə qədərki rəsmi gəlirlərindən qat-qat çoxdur. Nəşr bildirirdi ki, əgər Lavrov bu mülkiyyəti bazar qiymətinə öz cibindən almış olsaydı, buna onun 120 illik maaşı belə çatmazdı...
“AzPolitika.info” isə xəbər verir ki, bir müddət əvvəl Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun da milyonlar dollarla ölçülən mülkə sahib olduğuna dair mətbuatda məlumatlar dərc edilmişdi. Belə ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin özünün sosial şəbəkə səhifəsində yayımladığı sənədlər və iddialar əsasında dərc olunan məlumata görə, E.Məmmədyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Bunun üçün həmin mənzilə 2 milyon 50 min ABŞ dollar ödənilib.
Bu dəfə isə C.Həsənli E.Məmmədyarovun Azərbaycanda tikinti biznesinin olduğunu iddia edərək, nazirin əsas gəlirinin də məhz bu biznesdən formalaşdığını bildirib. Həmçinin, qeyd edib ki, onun bu biznesini XİN-də yüksək rütbə daşıyan Elxan Azayev adlı şəxs idarə edir.
Jurnalistin paylaşdığı həmin məlumatı olduğu kimi təqdim edirik: “Bu yaxınlarda Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun Nyu Yorkun olduqca bahalı səmtində - Manhetten, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr olan mənzil aldığı və bunun üçün 2 050 000.00 dollar ödədiyi barədə faktları açıqlamışdım. Üstəlik, əmlakı Məmmədyarov ailəsinə satan şirkətin alqı-satqı ilə bağlı müvafiq info çıxarışını da təqdim etmişdim. Lakin həm XİN, həm Elmar Məmmədyarovun özü, həm də Azərbaycan hökuməti bu məsələnin üstündən sükutla keçdi.
Beləliklə, ABŞ-da məskunlaşan Məmmədyarov ailəsinin zəngin amerikalılar sırasına qoşulması və onlarda bu qədər vəsaitin hardan olması barədə suallar açıq qaldı. Aydınlıq gətirilmədi ki, bu qədər vəsaitin arxasında Məmmədyarovun ictimaiyyətə bəlli olmayan hansısa gizli ailə biznesi dayanır, yoxsa XİN rəhbəri ölkənin xarici siyasətinə ayrılan büdcə vəsaitlərini ailəsinin lüks komfortuna yönəldir.
İndiyə qədər belə təəssürat vardı ki, Elmar Məmmədyarovun nə özü, nə də ailə üzvləri bizneslə məşğul deyillər, barələrində ciddi korrupsiya ittihamları yoxdur, dəniz kənarlarını hasarlamayıblar, yaxud dəbdəbəli villaları ilə diqqəti cəlb etmirlər.
Əlbəttə, Məmmədyarov belə məsələlərdə diplomat hiyləgərliyi ilə kifayət qədər ehtiyatlıdır. O, ümumiyyətlə parlaq görünməyi sevmir, 2 milyonluq əmlakı göz qabağında deyil, uzaq Amerikanın göydələnlərində almağa üstünlük verir. Elə biznesi də mümkün qədər özündən və ailə üzvlərindən uzaq tutmağa çalışır, bunu başqalarının üzərindən reallaşdırmağı məqsədəuyğun hesab edir.
Halbuki, XİN rəhbəri Azərbaycanda ən iri tikinti maqnatlarından biridir və bu biznesi nazirlikdə yüksək diplomatik rütbə daşıyan Elxan Çərkəz oğlu Azayevin vasitəsilə idarə edir.
Kimdir Elxan Azayev?
Məmmədyarov 2004-cü ildə nazir vəzifəsinə təyin olunandan sonra onu Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqı komitəsinə rəhbər gətirib. Nazirin təqdimatı ilə 2012-ci ilin iyulunda dövlət başçısının fərmanı ilə Elxan Azayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Hazırda isə Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəridir.
Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.
Dövlət reyestri məlumatlarına görə qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir.
Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir.
Şirkət daşınmaz əmlak bazarına bahalı mənzillər təqdim edir. Məsələn, "DİPLOMAT 2008" MTK tərəfindən Xarici İşlər Nazirliyinin arxasında, Yasamal rayonu 422-ci məhəllə, M.İbrahimov küçəsi 53 (Nizami metrosuna yaxin) ünvanında inşa edilmiş 20 mərtəbəli, 110 mənzilli binada 166 kv metrlik təmirsiz mənzil 600 min manat civarındadır. Şirkət Sumqayıtda iri ticarət mərkəzi tikib, hazırda Ağ Şəhərdə 1-ci fəvvarələr küçəsində 7 bloklu binaların tikintisini başa çatdırmaq üzrədir...”
“AzPolitika.info” məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.
Cəlal MƏMMƏDOV
“AzPolitika.info”