Dövlət qurumu olan Prezident yanında KİVDF niyə ictimai təşkilat olan Mətbuat Şurasının ictimai qınaq xarakterli qərarından jurnalistlərin Konstitusion hüquqlarının əllərindən alınmasında silah kimi istifadə edir?
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı dekabrın 25-də növbəti müsabiqə elan edib. Fond rəhbərliyi müsabiqəsinin elanında qəribə şərtlər yazıb, bunda da sözümüz yox. Lakin layihənin elanında hər bir hüquqi-məntiqi savadı olan insanı, xüsusən də jurnalistləri şoka salacaq belə bir şərt yazılıb:
“Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzetlər;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan qəzetlər (1 il müddətində);
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində);
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar”.
Müraciət etdiyimiz vəkil və hüquqşünaslardan Dövlət qurumu olan Prezident yanında KİVDF-nin hansı əsaslarla ictimai təşkilat olan Mətbuat Şurasının ictimai qınaq xarakterli qərarından jurnalistlərin Konstitusion hüquqlarının əllərindən alınmasında silah kimi istifadə etməsi səbəblərini soruşduq. Bu barədə daha ətraflı bəhs ediləcək. Lakin hələlik məsələyə «təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin mövqeyini soruşduq. Bu da cavab:
- Şəxsən mən dəfələrlə bildirmişəm ki, dövlət qurumu olan Prezident yanında KİVDF-nin bu hərəkəti qanunsuzluqdur, jurnalistlərin Konstitusion hüquqlarının əllərindən alınmasıdır, ən sonda, hüquqi nihilizmdir. Axı Mətbuat Şurası ya vəlvələdən, ya zəlzələdən hansısa KİV-in adını «qara siyahı»ya salanda məgər bunun hansısa inzibati-cinayət əməli kimi tövsif olunmasınımı yazır? Əsla! Əksinə, dəfələrlə MŞ rəhbərliyi səviyyəsində qeyd olunur ki, bu ictimai qınaq xarakterlidir. Məsələn, ən ağır cinayət törətmiş şəxs cəzasını tam çəkib azadlığa çıxırsa, onun heç bir Konstitusion hüquqları əlindən alınmır, yaxud hansısa hüquqları (bəzi istisnalar olmaqla) məhdudlaşdırılmır. Yaxşı, jurnalistin nə günahı ki, təmsil olunduğu KİV-in adı ictimai təşkilat olan MŞ-ın «qara siyahısı»na düşüb? Təsəvvür edin, vaxtilə ağır cinayət törətməkdə ittiham olunaraq barəsində hökm çıxarılmış İqbal Ağazadə, sərdar Cəlaloğlu, Rauf Arifoğlu, İsa Qənbər və digərləri deputatlığa namizədlərdir və onların bu hüquqları əllərindən alınmayıb. Amma hansısa bir yazısına görə jurnalistin layihələrdən məhrum edilir, ona mənzil və ya hansısa mükafat, yardım verilə bilməz, yazı müsabiqələrində iştirakı mümkünsüzdür və s. Odur ki, bu hüquqi nihilizmi və sosial ədalətsizliyi nəzərə alaraq Fondun bu hərəkətinin Konstitusiyamızın tələblərinə uyğunluğu barədə Konstitusiya Məhkəməsinə rəsmi sorğu, eləcə də Azərbaycanın 1-ci vitse-Prezidentinin mətbuata nəzarət edən köməkçisi, hörmətli Anar Ələkbərova müraciət göndəriləcək. İnanırıq ki, gec də olsa, bu ədalətsizlik aradan qaldırılacaq.
Yazdı: Eldar Əzizli