Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində 18 məhbusda COVİD-19 əlamətləri var.
Bu barədə "Amerikanın Səsi"nə Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov bildirib.
“Həmin məhbuslara neçə gündür iynə vururlar, amma halları get-gedə pisləşir. Bu gün, iyulun 9-da günorta saatlarında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən gəlib analizlər götürüb aparıblar. Bu saatlarda zonda narahatlıq panika səviyyəsindədir. Koronavirus əlamətləri olan məhbuslar hələ də müəssisənin sanitar-tibb hissəsinə yerləşdirilməyib. Bəzi məhbusların bədən temperaturu 39 dərəcəyədək yüksəkdir,” o qeyd edib.
Sosial şəbəkələrdə həmçinin 2 saylı Cəzaçəkmə Müəssisəsində COVİD-19 inveksiyasına yoluxan məhbusların olduğu barədə də məlumatlar yayılıb.
“Deyirlər koronavirus tüğyan edir. Məhbuslar qəfil yıxılıb huşunu itirir,” Arzu Abdulla Gülzaman adlı "facebook" istifadəçisi səhifəsində yazır.
"Amerikanın Səsi"nin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən və cəzaçəkmə müəssisələrindən məlumat alması hələ mümkün olmayıb.
P.S. Bir daha xatırladaq ki, bu il mayın 14-də penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində də kütləvi yoluxma barədə rəsmi orqanlar məlumat vermişlər. Lakin göründüyü kimi, Penitensiar Xidmət rəhbərliyi tərəfindən məhbəslərdəki real vəziyyət ictimaiyyətdən və yuxarı dövlət orqanlarından maksimum gizlədildiyindən hələlik məhbusların sağlamlıq durumu haqqında nəsə demək çətindir. Lakin yaxın gümlərdə PX rəhbərliyinin cəzçəkmə müəssisələrində COVİD -19 infeksiyasının yoluxma halları barədə məlumatları gizlətmələrinin səbəbləri və motivləri barədə geniş məlumatlar veriləcəkdir.
İfadetv.com
