Hal-hazırda həbsdə olan Aqil Məhərrəmovun ailəsi övladları ilə əlaqə saxlaya və onun vəziyyəti barədə yetərli məlumat ala bilmədiklərini deyir.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi məsələni araşdıracaqlarını bildirib.
3 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Aqil Məhərrəmovun atası Əli Məhərrəmov deyir ki, oğlunun qızdırması qalxdığı üçün onu bir neçə gün əvvəl xəstəxanaya aparıblar.
Onun sözlərinə görə, Aqil Məhərrəmovdan götürülən Covid-19 testinin cavabı "pozitiv çıxıb".
Lakin ailə bundan sonrakı proseslərdən kifayət qədər məlumat ala bilmədiyini söyləyir.
"Biz Bakıda olmadığımız üçün əmisi xəstəxanaya gedib, xəstəxanadan deyiblər ki, məhbusdur deyə danışmağa ixtiyarımız yoxdur. Elə gedirik xəstəxanaya, qapıdan geri qayıdırıq. Belə olmaz axı, mənim uşağım əldən gedir, ondan bir məlumat almalıyıq, ya yox?! Bircə deyirlər ki, Aqilin qızdırması var, vəziyyəti stabildir. Başqa məlumat vermirlər. Aqillə danışa bilmirik", - Əli Məhərrəmov söyləyib.
Əli Məhərrəmovun sözlərinə görə, ailə yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Aqilin "qızdırması olduğunu və bu gün rentgen çəkdiriləcəyini" öyrənə bilib.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən BBC News Azərbaycancaya bildirilib ki, məsələ araşdırılacaq.
Ombudsman Aparatından isə deyiblər ki, qurum bu kimi halları araşdırır, lakin bu cür informasiyalar fərdi olduğu üçün yalnız ailəyə məlumat verilir. Aparatdan bildirilib ki, bunun üçün ailə quruma rəsmi müraciət etməlidir.
Aqil Məhərrəmovun vəkili olmuş Fəxrəddin Mehdiyev deyir ki, məhbusun ailəsinə onun harada olması, vəziyyəti, müalicənin gedişatı barədə qaneedici məlumat verilməlidir.
"Məhbusun bütün hallarda, yəni, müalicə müəssisəsindən də ailəsi ilə telefon əlaqəsi qurmaq hüququ var. Qaydalarda telefon əlaqəsinin cəzaçəkmə müəssisəsindən və ya müalicə müəssisəsindən qurulması ilə bağlı fərq qoyulmayıb. Ailə bu hüququn pozulmasına görə müailəcə müəssisəsinə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edə, hüquqi addım ata bilər. Burada cəzaların icrası qanunvericiliyinin pozuntusu var", - cənab Mehdiyev söyləyib.
Araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılova söyləyir ki, karantinə görə məbuslarla görüşlər qadağan olunsa da, telefon zənglərinə icazə verilməlidir.
"Telefon zənglərinə heç bir məhdudiyyət qoyulmamalıdır, xüsusilə də müalicə müəssisəsində olan məhbuslar üçün. Bundan başqa, ailənin imkanı olmalıdır ki, övladlarının müstəqil tibbi müəssisədə müayinə olunmasını və ya müstəqil tibbi mütəxəssis tərəfindən müayinə olunmasını təşkil edə bilsin. Əgər bütün bunlardan imtina edilirsə, bu, çox ciddi qanun pozuntusudur. Əgər məhbusu gizlədirlərsə, deməli, gizlətməyin səbəbləri var və bu səbəblər çox narahatedicidir".
Aqil Məhərrəmov 2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qanunsuz sahibkarlıq və qanunsuz əldə olunmuş gəlirlərin leqallaşması ittihamları ilə üç il müddətinə həbs edilib.