ABŞ Almaniyanın “Charite” klinikasının mütəxəssislərinin Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərləndiyinə dair ilkin diaqnozundan dərin narahatlıq keçirir.
Virtualaz.org xəbər verir ki, belə bəyanatla ötən gün ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.
“Əgər bu məlumatlar təsdiqlənsə Birləşmiş Ştatlar Avropa İttifaqının hərtərəfli araşdırma aparılması barədə bəyanatını təsdiqləyəcək və belə araşdırmaya dəstək verəcək. Navalnının ailəsi və Rusiya xalqı hərtərəfli və şəffaf təhqiqatın aparılmasını, məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını görmək haqqına malikdir. Bizim fikrimiz Aleksey Navalnının ailəsi ilədir və onun tam sağalmasını gözləyirik”,-Pompeonun bəyanatında bildirilir.
Bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında Navalnının zəhərlənməsi məsələsi ilə bağlı telefon danışıqları olub. Rusiya XİN-in açıqlamasında deyilir ki, Amerika tərəfi müxalifətçinin zəhərlənməsi versiyasının təsdiqlənəcəyi halda tədbirlər görəcək. Bununla bağlı Rusiya tərəfi “səs-küylü bəyanatlardan çəkinməyə” çağırır, ölkə rəhbərliyinin baş vermiş hadisənin maksimal obyektiv və diqqətli şəkildə araşdırılmasına tərəfdar olduğunu bildirir.
Virtualaz.org