Xəbər verildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Müsahibədə jurnalist Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüş, danışıqlar imkanı haqda sual verib. Habelə Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən gözləntiləri və hərbi əməliyyatlar zamanı tərəflərin qadağan olunmuş sursatlardan istifadəsi barədə beynəlxalq insan haqları təşkilatlarının bəyanatları barədə soruşub. Müsahibənin həmin hissəsini təqdim edirik:
– Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?
– Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır.
– Siz dediniz ki, demək olar 30 il ərzində Minsk qrupu işğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və ya bu istiqamətdə heç bir irəliləyişə nail olmamışdır. Hazırda ABŞ, Rusiya və Fransadan gözləntiniz nədir?
– Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasını istəyirdilər, bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlar görəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər. Mən dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq. Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər “münaqişənin hərbi həlli yoxdur” deməklə səhv ediblər. Biz bu reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim artıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək.
– Mən Sizdən “Amnesty International”ın faktiki olaraq hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair bəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də, rəsmi İrəvan da qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan edilən silahlardan istifadə edirsiniz?
– Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəli olması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakin humanitar atəşkəs elan olunandan sonra, - bunu dəfələrlə elan etmişik, - biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular.
Onlar Bərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbə endirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və 70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətlə yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədə ilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq media olmuşdur. “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm.