“Rusiya bu sazişlə bizim hərbidə qələbəmizin uduşlarını, ermənilərin də məğlubiyyətinin itkilərini diplomatiyada öz qazanclarına çevirməyi bacardı”
“Türk qoşunlarının ruslarla bərabər Qarabağa gələcəyi ilə bağlı deyilənlər açıqlanan sənədlə təsdiqini tapmır”
“Bilirəm ki, hər kəsin sual dolu nəzərləri sosial şəbəkələrdədir. Nə baş verir? Birdən birə sülh saziş hardan çıxdı? Əvvala onu qeyd edim ki, bu saziş bir neçə saatlıq müzakirələrin nəticəsi deyil. Xatırlayırsınızsa, dəfələrlə rus qoşunlarının bölgəyə gələ bilməsi ehtimalı ilə bağlı narahatlığımı ifadə etmişdim. Çünki tarixən Rusiyanın adı sülh və barışıqla assosiasiya olunmur”. Bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
ADR Hərəkatının sədri hesab edir ki, adətən bölgüçülüyə gətirib çıxaran böyük rus maraqlarını ifadə edən Kremlin vasitəçiliyi ilə imzalanan sazişlərə ehtiyatla yanaşmalıyıq: “Hazırkı saziş də bölgədə daha çox Rusiyanın, sonra Azərbaycanın və Ermənistanın maraqlarını ifadə edir. Gəlin, birinci öz maraqlarımızdan başlayaq. Əvvəla, biz 100 faizli qələbəyə çox yaxın idik. Hətta bu qələbə günlər ərzində də baş verərdi. Diqqət etdinizsə, dünən işğaldan azad edilən kəndlərin, eləcə də yüksəkliklərin sayı və coğrafiyası xeyli çoxalmışdı. Çünki Şuşanın azad edilməsi artıq ermənilərin mənəvi məğlubiyyətini şərtləndirmişdi. Dünən Şuşa azad olunanda da yazmışdım ki, Azərbaycan ordusunun Şuşada olması Füzulinin, Xocavəndin, Xankəndinin, Xocalının və Ağdamın minumum itki ilə tezliklə azad edilməsi deməkdir. Şuşa Azərbaycan ordusuna həm də Turşsu vasitəsilə Qubadlı, Cəbrayıl və Laçın istiqamətində də mövqelərimizi möhkəmləndirmək imkanı yaradırdı. Kəlbəcərə və Ağdərəyə də Şimal cəhbəsində çox yaxınlaşmışdıq. Belə olan halda sülh yolu ilə həmin ərazilərin bir qisminin (Kəlbəcər, Laçın və Ağdam) azad edilməsi, digərlərinin (Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran) isə Dağlıq Qarabağ tərkibində ermənilərin yaşayış məskəni olaraq saxlanılması milli maraqlara cavab vermir”.
Onun sözlərinə görə, bu sazişin ən böyük “plyusları” Dağlıq Qarabağın statusunun müzakirələrdən çıxarılması və Naxçıvanla nəqliyyat kommunikasiya imkanlarının yaradılması, "minusları" isə sülhməramlılar adı ilə rus qoşunlarının ən azı 5 illiyə Azərbaycan torpağında qalması və bölgədə vacib nəqliyyat, kommunikasiya infrastrukturunun Rusiyanın nəzarətinə keçməsidir: “Türk qoşunlarının ruslarla bərabər Qarabağa gələcəyi ilə bağlı deyilənlər açıqlanan sənədlə təsdiqini tapmır. Açıqlanan sənəd heç də imzalanan bütün şərt və öhdəliklərdən ibarət deyildir. Odur ki, bu məsələyə birmənalı olaraq bizim xeyrimizə münasibət bildirmək mümkün deyildir. Ümumiyyətlə, Azərbaycan ərazisində xarici hərbi qulluqçuların yerləşdirilməsi suverenliyə, müstəqilliyə xələl gətirir və bu yalnız hərbi-təhlükəsizlik deyil, həm də böyük mənada siyasi və strateji məsələdir. Fikrimi belə yekunlaşdırmaq istərdim: Rusiya bu sazişlə bizim hərbidə qələbəmizin uduşlarını, ermənilərin də məğlubiyyətinin itkilərini diplomatiyada öz qazanclarına çevirməyi bacardı”.