Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalına müsahibəsində bildirib ki, “beynəlxalq hüquqa görə, Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı buna müdaxilə edə bilməzdi. Ermənistana heç kəs hücum etməmişdi”. Putin Azərbaycanı müstəqil və suveren dövlət hesab edir, ölkəmizin ərazi bütövlüyünü qəbul edir. O, Qarabağı Azərbaycan ərazisi sayır, onu dövlət kimi hətta Ermənistan tərəfindən də tanınmadığını bildirir və bu işin perspektivinə inanmır. Nəticədə, müharibədə Azərbaycan ordusunun üstünlüyünü etiraf edir, hətta atəşkəs bəyanatı bir neçə saat gec imzalanmasaydı, Azərbaycan ordusunun Xankəndini də götürəcəyi ilə bağlı məlumatlı olduğunu göstərir. Bundan əlavə, Qarabağ probleminin yaxın vaxtlarda həllinə inanmır və Qarabağda status-kvonun uzun müddətli dövrdə saxlanılmasında və statusun gələcəkdə müəyyənləşdirilməsində marağını gizlətmir. Rusiya başçısı türk qoşunlarının Qarabağ ərazisində olmasını mümkün saymır, eyni zamanda Azərbaycan ərazisində yerləşməsinə də etiraz etmir.
Hurriyyet.org xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Rutgers Universitetinin professoru Qubad İbadoğlu Putinin məlum çıxışına münasibət bildirib:
“Vladimir Putin Qarabağ problemin yaranmasında və digər məsələlərdə də SSRİ-nin zəifləməsini və dağılmasını səbəb bilir. SSRİ-nin bərpasında hələ də marağı qaldığını nümayiş etdirir. Eyni zamanda Qarabağ probleminin həllində tutduğu mövqeni beynəlxalq hüquqa hörməti ilə əsaslandırır və rus qoşunlarının Qarabağda mövcudluğunu legitim sayır. Çalışır ki, rus qoşunlarının hazırkı fəaliyyətinə görə nə Ermənistanda, nə də Azərbaycanda ictimai etimadını itirməsin, əksinə tərəfdarlarını artırsın. Daha sonra, Qarabağda rus qoşunlarını saxlamağa və bölgədə kommunikasiya xətlərinin bərpasına uzunmüddətli layihə kimi baxır. Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir, onu nə Azərbaycana, nə də Ermənisana vermək istəmir. Hətta Gürcüstan nümunəsini göstərərək hər iki tərəfi təhdid də edir”.
YƏHYA
