Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefası üçün qoyduğu vaxt dekabrın 8-də bitib. Paşinyan istefa vermədiyindən müxalifət partiyaları vətəndaş itaətsizliyi aksiyalarına başladıqlarını elan ediblər. Bu haqda İrəvandakı xarici müxbirlər xəbər verir.
“Gördüyünüz kimi, Nikol Paşinyan istefa vermədi. Buna görə də indiki andan saat 17:00-dək Ermənistan Respublikasının vətəndaşlarının öz etirazını, tələblərini ifadə eləməkdən ötrü dinc itaətsizlik aksiyaları keçirməyə legitim hüququ var”, – “Daşnaksutyun” partiyasından İşxan Sağatelyan deyib.
O, 16 partiyanı birləşdirən “Vətənin xilası cəbhəsi”nin üzvüdür. Sagatelyan vətəndaşları etiraz aksiyalarını qanun çərçivəsində keçirməyə çağırıb.
Müxalifət qüvvələri Nikol Paşinyanı 44 günlük Qarabağ müharibəsinin nəticələrinə dair kapitulyasiya razılaşmasını imzalamaqda ittiham edirlər. Onların fikrincə, məğlubiyyətin simvolu olan Paşinyan istefaya getməli, onun yerinə müvəqqəti baş nazir gəlməlidir. Aralıq baş naziri bir il ərzində vaxtından əvvəl seçkilərin keçirilməsini təmin etməli, ancaq özü namizədliyini verməməlidir.
Müxalifət baş nazirliyə ölkənin keçmiş müdafiə və baş naziri Vazgen Manukyanın namizədliyini irəli sürüb.
Paşinyanın istefası üçün qoyulmuş son müddət bu gün günorta 12-də bitib. Müxalifət qüvvələri xəbərdarlıq etmişdi ki, Paşinyan getməsə, kütləvi vətəndaş itaətsizliyi aksiyalarına başlayacaqlar.
![](/uploads/posts/2020-12/1607440895_28e2d65d-0ff8-4e5f-94ec-8ef01f855f77.jpg)