“Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatdan sonra tamamilə məhv olmaqdan qurtulan erməni ordusu indi Azərbaycana qarşı hərbi taktiki dəyişikliklərə gedib. Düşmən qüvvələri hazırda nizami ordu hücumları əvəzinə, 6-10 nəfərlik diversiya qrupları halında Azərbaycan postlarına zərbə endirib əsgərlərimizi qətlə yetirdikdən sonra hadisə yerindən uzaqlaşırlar”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Ovqat.com-a açıqlamasında Ədalət partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov deyib.
İlyas İsmayılovun sözlərinə görə, bu “vur-qaç” taktikası, klassik terminlərlə desək, partizan müharibəsi metodudur və gücünü bizim xoşməramlılığımızdan alır: “Bununla belə, etiraf etməliyik ki, Azərbaycan Silahlı Qüvvələri bacardığı qədər erməni təxribatının qarşısını almağa çalışır və ordumuzun bu fəaliyyətini təqdir etməmək mümkün deyil. Dekabrın 30-da DTX rəisi Əli Nağıyevin Moskvada erməni və rus həmkarları ilə görüşü də bu cəhdlərin tərkib hissəsidir. Rusiya mediasının məlumatına görə, həmin görüşdə tərəflər Dağlıq Qarabağda son zamanlar artan erməni diversiya qruplarının təxribatçı fəaliyyətini və bunun doğuracağı nəticələri müzakirə ediblər”.
İlyas İsmayılovun fikrincə, DTX-nın rəsmi məlumatı da bu iddianı təsdiqləyir: “Rəsmi məlumata görə, görüşdə bir sıra məsələlərlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə ətrafında müzakirələr aparılıb”.
Azərbaycan rəsmiləri Moskva görüşünün təfsilatı barədə yetərli məlumatlar verməsə də, Rusiya mediasına istinad edən İlyas İsmayılov bildirib ki, məlum görüşdə həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya kəşfiyyat orqanlarının rəhbərləri bir sıra məsələlərdə ortaq fikrə gəliblər: “Ermənistan tərəfi erməni terrorçuları ilə daha aktiv mübarizə aparılacağına söz verib. Azərbaycan tərəfi isə erməni terrorçularının “vur-qaç” taktikasına qarşı mübarizənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələr və DTX-nın əməliyyat qrupları vasitəsilə anti-terror əməliyyatları aparacağını tərəflərin diqqətinə çatdırıb. Rusiya isə Azərbaycan və Ermənistan xüsusi xidmət orqanları arasında məlumat mübadiləsini koordinasiya edilməsini öz boynuna götürüb”.
Rus mətbuatında dərc olunan bu məlumatların işığında ötən ay yaşanan bəzi hadisələri analiz edən partiya sədri öz qənaətlərini belə ümumiləşdirib: “Məlumatların analizi deməyə əsas verir ki, dekabrın ilk günlərindən erməni terrorçularının başlatdıqları “vur-qaç” taktikalı diversiya hücumları Azərbaycan tərəfinin ciddi narazılığı ilə qarşılanıb. Belə görünür ki, dekabrın ilk günlərində rəsmi Bakı öz iradını Laçın və Kəlbəcərə səfər edən DTX rəisi Əli Nağıyev vasitəsilə rus sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova çatdırıb. Rüstəm Muradovun cavabı isə qənaətbəxş olmayıb. Rus sülhməramlılarının bu cavabından sonra ölkə rəhbərliyi qarşı tərəfə vəzifə borcunu xatırladıb və ona təyinatı üzrə vəzifələrini yerinə yetirə bilməyəcəkləri təqdirdə Azərbaycanın yenidən hərbi əməliyyatlara başlamaq hüququnun doğacağını bildirib. Bu iraddan sonra Rüstəm Muradovun Ermənistan və “DQR” yetkililəri ilə söhbətləşdiyi xəbər verilir. İrəvan erməni terrorçularını nəzarət altına ala bilmədiklərini “etiraf edib”. Bildirib ki, bəzi erməni “könüllüləri” noyabrın 10-da imzalanan bəyanatı qəbul etmir və 6-10 nəfərlik kiçik qruplar halında Azərbaycan tərəfinə hücum edirlər. Qısası, erməni hərbçiləri “vur-qaç” taktikasının məsuliyyəti paylaşmaq istəməyiblər. Beləcə, rus “sülhməramlı”larının təyinatı üzrə fəaliyyəti Azərbaycan-Rusiya arasında müzakirə mövzusuna çevrilib”.
