Əvvəlcə məlumat üçün bildirək ki, 1999-cu ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin rəsmi qəbulunda olmuş bir qrup əlil və qaçqın statusu olan vətəndaş fərdi mənzillərin tikintisi üçün müraciət etmişlər. Ulu Öndər müraciətə müsbət yanaşmış və dərhal Bakı şəhər İcra hakimiyyətinin başçısına qəbulda olmuş əlillər, köçkünlər, ziyalılar üçün yeni yaşayış massivinin salınması üçün göstəriş vermişdir.
Bakı şəhər İcra Hakimiyyəti başçısı cənab H.Abutalıbovun 19 fevral 2000-ci il tarixində imzaladığı 134 saylı sərəncam əsasında Bakı-Aeroport yolunun sag tərəfində 37,5 ha ayrılmış ərazidə yaşayış massivinin salınması qərara alınmışdır. Hazırda bu yaşayış massivinin mövcud olduğu 20 il ərzində aidiyyatı dövlət orqanları tərəfindən elektrik, su, təbii qaz işləri və yarımçıq kanalizasiya xətti çəkilmişdir. Hazırda 2000 ailənin yaşadığı bu qəsəbənin inzibati ərazisi iki hissəyə bölünmüşdür “Akasiya” şadlıq evindən sağ tərəf Suraxanı rayonun Yeni Suraxanı qəsəbəsi, sol tərəfi isə Sabunçu rayonun Yeni Ramana qəsəbəsi adlanır. Lakin çox təəssüflə qeyd etmək yerinə düşərdi ki, hələ 2006-cı ilin dövlət büdcəsindən qəsəbənin eni 10 m olan 29 məhəllədaxili və eni 20 m olan və uzunluğu 2000 m-ə bərabər olan bu qəsəbənin küçələrinin asfaltlaşması üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təxminən ilkin olaraq 4 -5 milyon manat vəsait ayrılmışdır. Lakin illər keçsə də heç bir iş görülməmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş, mən Sisianlıyam deyə fəxr edən İlqar Abbasovun qəbulunda olarakən bildirmişdir ki, doğrudur, Bakı şəhər İH-dən sizin qəsəbənin asfaltlaşması işinə görə pul ayrılsa da, sonradan Nəqliyyat naziri olmuş Ziya Məmmədov Suraxanı İH-nin büdcəsinə bizim yol tikintisi üçün ayrılan pulun “Yol tikintisi nəqliyyata aid olduğu üçün bu işlə Nəqliyyat Nazirliyi məşğul olmalıdır” deməklə bizim İH-nə ayrılan pulu NN-nə transfer olunmasını tələb etmişdir. Lakin bundan sonra da illər keçsə də yaşayış massivinin sakinləri düz 20 il yolsuzluqdan əziyyət çəkmişlər.
Doğrudur, sakinlər bu məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə sakinlərin etdiyi müraciətə “Azəryolservis”ASC-nin sədr müavini olmuş Vaqif Hacıyevin 23 iyul 2012-ci il tarixində imzaladığı cavab məktubunda qeyd edilir: “ AR Prezidentinin ünvanına daxil olmuş Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçənin asfalt-beton örtüyünün təmir olunması barədə kollektiv ərizənizə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qəsəbədaxili yollar Nəqliyyat Nazirliyinin mülkiyyətində deyildir və onun təmir edilməsi üçün aidiyyatı strukturlara müraciət etməyiniz xahiş olunur.”
Digər tərəfdən Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, məhəllədaxili yolların asfaltlanması işləri maliyyə çatışmazlığı səbəbindən dayandırılıb: "Məhəllədaxili yolların asfaltlanması prezidentin qəbul etdiyi dövlət proqramında nəzərdə tutulmuşdu. Hələlik maliyyə vəsaiti olmadığına görə bu işlər dayandırılıb. Mərkəzi yollarla bağlı vəsait "Azəravtoyol” ASC-yə, məhəllədaxili yollar üçün isə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılır. Orada da Mənzil Kommunal Təsərrüfatı Departamenti o işləri görür. O yolların bərpası işləri "2014-2016-ci illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salınıb. Proqramın vaxtı bitib, lakin ləğv edilməyib. Ona görə də adlarını çəkdiyim qurumlara vəsait ayrılan kimi, onlar da öz işlərini görəcəklər”.
Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçəyə gedən yolun səkisi. Dünyanın heç bir ölkəsində belə dar və ortası ağaclar olan səkisi ola bilməz.
Rəsmi qurumların cavablarından aydın olur ki, vəsait olanda yol problemi həllini tapacaqdır.O zaman təbii sual yaranır - bəs Yeni Suraxanı qəsəbəsinin Mərkəzi küçəsinin asfalt-beton örtüyünün çəkilməsi təyinatı üzrə Bakı şəhər İcra Hakimiyyətindən Nəqliyyat Nazirliyinin hesabına 2006-cı ildə köçürülmüşdür deyilən, lakin Suraxanı İcra Hakimiyyətindən müəmmalı şəkildə yoxa çıxan milyonlarla manat pulun taleyi necə oldu? Hələlik bilən yoxdur. Minlərlə qəsəbə sakini isə 2020-ci ilin mayınadək dəfələrlə, yol və kanalizasiya xəttinin çəkilməsi üçün yerli İcra hakimiyyətlərinin , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Azərsu” ASC-nin arasında futbol topu kimi diyirlənməkdə idi. Ölkə mediasının təsirindən sonra nəhayət, “Azərsu” ASC qəsəbədə yalnız Mərkəzi küçənin kanalizasiya işlərini gördü, qalan eni 10 metr olan 29 məhəllədaxili küçələrə isə əsas kanalizasiya xəttinə qoşulmaq üçün əlavə xəttlərin çəkilməsindən sənəd üzrə “işləri görsə”də faktiki olaraq bu işin görülməsini sakinlərin öhdəsinə buraxdı. Və təbii ki, sakinlərin öz hesablarına gördükləri və kustar üsullarla əsas xəttə birləşdirdikləri kanalizasiya xəttlərinin hesabına “Azərsu” ASC şefi milyonlarla manat qanunsuz qazanc əldə etdi. Bu işdən dərhal sonra, yəni ötən ilimizin ortasında yenə də Mərkəzi küçənin Sabunçu rayonu ərazisinə düşən bir hissəsi üzrə işlərə başlasa da müəmmalı şəkildə yarımçıq saxladı. Budur, eni 20 metr olan Mərkəzi küçənin yalnız 8 m enində və 1.5 m eni olan ikitərəfli səkilərinin çəkilməsi işi başlansa da yarımçıq qalmışdır. Belə ki, asfaltın yataq hissəsinə tökülən çınqılqarışıq torpağın üzərindən səpilmiş xırda qum qatının bərkitmə işləri və səkilərin arasının gilli-torpaqla doldurulması işindən sonra asfalt işləri üçün hazırlığın yekunlaşması bildirilsə də 4 aydır ki, verilən fasilə nəticəsində yolun asfaltlanması naməlum səbəblərdən uzanır. Suraxanı rayonunun digər qəsəbələrində isə analoji işlər görülmək və yekunlaşmaq üzrədir.Son bir ayda yağan yağışlardan sonra isə artıq asfalt üçün hazır vəziyyətə gətirilmiş yolda çoxsaylı çuxurlar əmələ gəlmiş, avtomobillərin hərəkətində problemlər yaranmışdır. Hazırda sakinlər 20 il həsrətində olduqları yolun yarımçıq qalmasından çox narahatdırlar. AAYDA- dan isə kimsə bu məsləyə aydınlıq gətirmir. Görünür, ikinci dəfə də Yeni Ramana qəsəbəsinin Mərkəzi küçəsinin asfaltlaşdırılmasına dövlət büdcəsindən milyonlarla manat pul ayrılmasına baxmayaraq hər əsas küçənin hər tərəfinə 430 m uzunluğunda səki daşları düzməklə işlərini bitmiş hesab etmişlər. Yəni, sözün qısası, bu dəfə də yollara ayrılan pullar mənimsənilmişdir. İndi sakinlər çox pərişandırlar. Fikirləşirlər ki, daha 20 il gözləmək zorunda qalacaqlar ki, yenidən dövlət büdcəsindən əsaslı təmir adı altında pul ayrıldıqdan sonra bəlkə nəzərdə tutlmuş yalnız bir küçə üzrə asfalt-beton örtüyü çəkilə.
Hesab edirk ki, 21-ci ildir ki, yolsuzluqdan əziyyət çəkən Yeni Suraxanı və Yeni Ramana qəsəbə sakinləri yaxşı olardı ki, 20 il yenə gözləməkdənsə, kanalizasiya xəttində olduğu kimi, bu dəfə də pul yığıb öz hesablarına asfalt –beton örtüyünü səpilməsini özəl şirkətlərə sifariş edələr. Sakinlər bilməlidirlər ki, “Azəriqaz” QSC-də, “Azərsu” ASC-də, “AAYDA” ASC-də hamısı çalışırlar ki, başladıqları, amma yarımçıq qoyduqları işləri sakinlərin hesabına başa vursunlar. Belə korrupsiya fəlsəfəsinin başqa anlamı yoxdur. Necə deyərlər, “ Sahibsiz yerdə donuz təpəyə çıxar!”. Amma sakinlər ona da inanırlar ki, syağac qoymaq, kanalizasiya çəkmək, yol salmaq adı altında dövlət büdcəsindən milyonlar talayan bu haramzadalar nəhayət elə xalqımızın tələbilə yaxın zamanlarda öz cinayətkar əməllərinə görə cavab verəcəklər.
İfadetv.com –un araşdırma qrupu
P.S. Məqalədə adları qeyd edilən dövlət strukturlarının və şəxslərin də mövqeyini dəc etməyə hazırıq