Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun
sol tərəfi, (Mərkəzi küçə) yaşayış massivi sakinlərindən Sevil Baxşəliyeva ifadetv.com saytına bildirmişdir ki, onun yaşadığı və yüzlərlə sakinin Ulu Öndərin şəxsi göstərişi əsasında salınmış yaşayış massivinə 19 ildir ki, yol və kanalizasiyanın çəkilməməsindən əziyyət çəkdiklərinə görə problemin həlli üçün dövlət başçısına bu ildə müraciət etmişlər . Lakin təəssüflər olsun ki, bu barədə dəfələrlə aidiyyatı yuxarı orqanlara etdikləri müraciətlərə Bakı şəhər İcra hakimiyyəti, Bakı Kanalizasiya İdarəsi və AAYDA tərəfindən fərqli və formal cavablar verildiyi bildirilir. Xahişimiz budur ki, 1500 ailənin qanuni formada məskunlaşdığı bu qəsəbədə insanlar yolsuzluqdan, qışda palçıqdan, yayda toz-torpaqdan olmazın əziyyət çəkməsinlər. 2006-cı ildən qəsəbəmizə həm yolun, həm də kanalizasiya sisteminin qurulması üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə taleyindən xəbər tutan olmayıb. Necə oldu ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov ayrılmış vəsaiti hansı təyinat üzrə xərclədiyini bilən olmadı? Bu gün isə ağızdolusu ibadətdən danışır. Ona görə də xahiş edirik bizim səsimizi cənab Prezidentə çatdırın ki, bəlkə bir əlac ola, biz də Bakının mərkəzində özümüzü heç olmasa XX əsrdəki kimi yaşadığımızı hiss edə bilək. Əməkdaşlarımız müraciətdə qeyd edilənlərin reallıqda düzgün olduğunu qəsəbədə olarkən təsdiq etdilər. Odur ki, Suraxanı rayonu, yeni Suraxanı qəsəbə sakinlərinin nəticəsiz və cavabsız qalan müraciətini olduğu kimi dərc edirik:
Çoxhörmətli Prezident! Siz həmişə öz işinizlə, öz fəaliyyətinizlə doğma xalqımıza ləyaqətlə xidmət edir və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səylərinizi davam etdirirsiniz. Xalqımız Sizin bütün xidmətlərinizi yüksək qiymətləndirir.
Cənab Prezident! Siz məmurlar qarşısında çıxışlarınız zamanı hər dəfə qeyd etmisiniz " Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borclarına vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsinlər. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə xidmət etsin.”
Son 8 ildə şəxsən Sizin tərəfinizdən qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişaf” Proqramı üzrə Azərbaycanın hər bir rayonunda irimiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi prosesi uğurla davam etdirilir.
Biz, sakinlər 1999-cu ildə Ulu Öndərin göstərişi və Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11.02.2000-ci il tarixli, 134 saylı sərəncamı əsasında Suraxanı rayonun, Bakı-Aeroport yolunun sol tərəfində salınmış yaşayış massivində 19-cu ildir ki, yaşayırıq. Yaşadığımız bu qəsəbədə mənzillərimizin su təchizatını əvvəlcə öz şəxsi hesabımıza qaydaya salsaq da,2012-ci ildən həm su, həm də elektrik enerjisi ilə bağlı problem dövlətin aidiyyatı idarəsi tərəfindən kabelləşmə nəticəsində birdəfəlik həll edilmişdir. Mənzillərin təbii qaza olan ehtiyacı da öz həllini tapmışdır.
Lakin bununla yanaşı, çox təəssüflə qeyd etmək istəyirik ki, iki mindən çox ailənin yaşadığı qəsəbəmiz ölkəmiz üzrə infrastrukturun genişlənməsi və inkişafı üzrə baş verən proseslərdən sanki ayrı düşmüş, yaddan çıxmışdır. Belə ki, qəsəbəmiz 20 metr eni olan bir Mərkəzi küçədən və eni 10 metr olan 29 məhəllədaxili yollardan ibarətdir. Hər bir fiziki şəxsə fərdi yaşayış evinin tikintisi üçün dövlət tərəfindən 400 kv.m torpaq sahəsi ayrılmışdır ki, hazırda 1500 ailə bu torpaqlarda mənzil tikərək yaşayırlar.
Suraxanı rayon İcra hakimiyyətindən verilən məlumata görə 2006-cı ildə yaşadığımız qəsəbənin kanalizasiya xəttləri və sonra isə məhəllədaxili yollarının asfaltlaşması məsləsinin həll edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən bu təyinat üzrə vəsait bizim qəsəbəmiz üçün Suraxanı rayon İcra Hakimiyyətinə ayrılsa da, sonradan Nəqliyyat Nazirliyi rəhbəri Cənab Ziya Məmmədov yol infrastrukturu məsələsinin birbaşa Nəqliyyat Nazirliyinin işi olduğunu əsas gətirərək qəsəbədaxili yolların asfaltlaşması işini öz öhdəsinə götürmüşdür. Bu məqsədlə, lahiyənin həyata keçirilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinin hesabına köçürülmüş vəsait yenidən Nəqliyyat Nazirliyin hesabına yönəldilmişdir. Budur, nəticədə 13 ildir ki, Nəqliyyat Nazirliyi vəd etdiyi kimi bu istiqamətdə heç bir iş görməmişdir.Bəhanələri də bu olur ki, əvvəlcə gərək kanalizasiya xətləri çəkilsin ki, sonra asfalt və səkilərin, işıq dirəklərinin quraşdırılması başlansın. Yaz, payız, qış aylarında biz böyüklərin işə, uşaqların isə 0,5-1km aralıda yerləşən orta məktəbə dizdən olan palçıqla gedib-gəlməyimiz yaşadığımız XXI əsrdə bizləri lap hövsələdən çıxarmışdır.Baxmayaraq ki, yaşadığımız Mərkəzi küçəyə perpendikulyar olan Samir əliyev küçəsi boyunca “Yeni-Şuşa” qəsəbəsi istiqamətində magistral kanalizasiya xətti qəsəbəmizin ortasından keçir və 8 ildir ki. inşa edilmişdir.
Qəsəbəmizdəki 9, 10, 11 və 12-ci keçidlərində yaşayan sakinlər isə əsas kanalizasiya xəttinə yaxın olduqlarına görə hər bir ailə 300-400 manat xərc çəkməklə kustar üsulla, heç bir lükdən istifadə etməməklə bu xəttə qoşulmuşdur. Qəsəbəmizin kənarlarında yaşayan və əsas kanalizasiya xəttindən uzaq olan biz sakinlərin isə bu xəttə qoşulmağımız üçün 600-1000 manat xərc çəkməyimiz tələb olunur. Aidiyyatı məmurlarımız tərəfindən İnsanlara qarşı göstərilən belə hörmətsizliyi biz Sizə olan hörmətsizlik kimi başa düşürük. Çünki o adamlar öz qanunazidd hərəkətlərilə konkret olaraq Sizin qəbul etdiyiniz “Regionların sosial-iqtisadi inkişafı”na dair Dövlət Proqramına qarşı çıxırlar.
Cənab Prezident, Biz hamılıqla Sizin ölkəmizdə apardığınız genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirir və daim ətrafınızda sıx birləşərək həmrəy olduğumuzu bir daha bəyan edir və xahiş edirik:
Sizdən çox xahiş edirik ki, aidiyyatı dövlət qurumlarına 19 il qanuni yaşadığımız qəsəbəmizin kanalizasiya və yol çəkilişinin başlanması üçün göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Xatırladaq ki, eyni məzmunlu 07 may 2012-ci il tarixli müraciətimiz Prezident Administrasiyası tərəfindən ölçü götürülməsi üçün Nəqliyyat Nazirliyinə göndərilmişdir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Avtomobil yollarının istismarı İdarəsinin rəisi Vaqif Hacıyevin imzası ilə 4/02-3680 saylı cavab məktubu daxil olmuşdur. Məktubda qeyd edilir: “...qəsəbəbədaxili yollar Nəqliyyat nazirliyinin mülkiyyətində deyildir və onun təmir edilməsi üçün aidiyyatı strukturlara müraciət etməyiniz xahiş olunur.”
Hörmətlə, qəsəbə sakinləri adından Sevil Baxşəliyevə
İfadetv.com saytı mövzunu diqqətdə saxlayır və sakinlərin müraciətlərinin nəticəsi barədə məlumat verməyi planlaşdırır. Müraciətdə adı çəkilən təşkilatların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.