Kasıb olmaq niyə ayıb sayılır? - Nadir Qafarzadənin psixoanalizi
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl atasının başdaşını dəyişdirdiyini deyib. Sənətçi vaxtilə bir çox insanın atasının başdaşı köhnə olduğu üçün ona tənə etdiklərini diqqətə çatdırıb:
“Atam rəhmətə gedəndə kasıb idik, ona görə ucuz başdaşı düzəltdirdik”.
Maraqlıdır, Azərbaycanda niyə kasıb olanlara tənə edirlər? Kasıb olmaq niyə ayıb sayılır?
Psixoloq Aytən Ələkbərova Yenisabah.az-a açıqlamasında qeyd edib ki, varlı-kasıb anlayışına hələ qədim zamanlarda insanları xarakterizə edərkən xüsusi diqqət yetirilib:
“Sovet psixologiyasında da insanları fərqləndirən zaman onların gəliri əsas götürülürdü. İnsanlar arasındakı fərdi psixoloji fərqlərin öyənilməsində differensial psixofiziologiya formalaşır. Differensial psixologiya psixologiya elminin bir sahəsidir. Bu, insan qrupları arasındakı fərqləri, onların səbəb və nəticələrini öyrənir. Differensia latın sözü olub fərq deməkdir. Söhbət Nadir Qafarzadə üzərindən açıldısa, elə onu psixoanaliz edək. Nadir bəy çox çılğın və emosional insandır, amma eyni zamanda kövrəkdır. Onun şüuraltında qalan kasıblıq tənəsi içərisində intiqam hissinə çevrilməyib. Bəzi şəxslər olur ki, əlinə fürsət düşən kimi özünü sübut etməyə çalışır. Onlar görməmiş olurlar. Amma ruhu zəngin olanlar bunu xüsusi vurğulamırlar. Nadir bəy sadəcə hazırda, “İndi varımdır, indi edirəm”,- deyir. Bunu etməklə o özündə bir sakitlik tapmağa, eyni zamanda övladlarına yaxşı övlad örnəyini göstərməyə çalışır. Yəni sanki “Atam olmasa da, atamı o vəziyyətdən qurtardım”,-deyir. Kasıblıq heç də ayıb bir şey deyil”.
Psixoloq hesab edir ki, varlı-kasıb söhbəti sadəcə bizim ehtiyaclarımızı ödəyən bir vasitənin müzakirəsidir:
“Pul bizə yalnız istəklərimiz yerinə yetirmək üçün lazımdır. Amma insan məqsədinə təfəkkürünü inkişaf etdirərək də çata bilər. Deyir: “Qorx o insandan ki, pul onu qazanır, o pulu yox”. Pulu qazanmaq lazımdır. Nadir bəyə Allahdan gələn ilahi səs bu pulu qazanmağa kömək edib. Hər kəsin bir şansı və psixoloji olaraq nəyisə istəməyi var. Arzuladığın şeyi dərindən istəmək lazımdır. Bəzən deyirlər ki, ədəbi olmayan insan kasıb insan olur. Elmi və ədəbi olan insan isə varlı insan olur. Təbii ki, burada söhbət ali məktəbdə oxumaqdan getmir, elə savadsız insanlarımız var ki, 5 il ali məktəb qapısını döyənlərdən daha şüurludurlar. Ona görə də istəməzdim ki, insanlar kasıb olduqlarını gizlətmək ehtiyacı duysunlar, çünki onların düşünən beyni var. Düşünən beyin əsl var-dövlətdir”.
Sayad HƏSƏNLİ