“Peşəkararla işləmək bahalıdır, ancaq qeyri-peşəkarların verdiyi zərər qədər bahalı deyil” . Bu fikirlər biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayevə məxsusdur.
Əslində bu qısa cümlənin arxasında çox böyük bir düşüncə var, və bu məqaləmdə bunu açıqlamaq istəyirəm.Əsas mövzuya keçmədən öncə “peşəkar” sözünün tərifini etmək istəyirəm.
Peşəkar, ancaq sahəvi biliklərə malik olan insan deyil.
Peşəkarlıq ancaq peşə biliklərinin olması demək deyildir. Ümumi insani və etik qaydalar, doğruluq, düzgünlük, haqsızlıqdan qaçınma və insanların haqqına girməmək kimi şəxsi xüsusiyyətlər peşəkarlığın ÇOX vacib tərkib hissələridir. Ətrafımızda peşə biliklərinə hakim olub insanlara zərər verən nə qədər dövlət və özəl qurumlarda işləyən fərqli peşə nümayəndələri az deyil. Peşəkar bilik və bacarıqlar peşəkarlığın binasıdırsa, peşəkarlıq binasının üzərində durduğu bünövrə isə doğru DƏYƏRLƏRDİR.
Doğru dəyərlərin olmadığı yerdə “peşəkarlıq” kor, faydasız və zərərli olur. (“Peşəkarlıq nədir?” adlı məqaləmdə daha ətraflı yazım var)
Qısaca desək, peşəkar insan, sahəvi bilikləri və doğru və cəmiyyətə faydalı dəyərlərə malik olan və vəzifə gücünü insanlara qarşı istifadə etməyən biridir.
• Maddi məqam. “Peşəkarlarla işləmək bahalıdır” sözləri əslində işin ancaq maddi tərəfini və mahiyyətini göstərmir. Gəlin ilk öncə məsələnin ağla ilk gələn hissəsinə baxaq. Peşəkarla işləmək bahalıdır, bəli : 3.000 manat maaş alar, amma oğurlamaz, çünki dürüstdür (“Dürüstlük və peşəkar karyera”) Qeyri-peşəkara eyni vəzifə üçün verilən 500 AZN maaş qarşılığında oğurladığı 10.000 nəzərə alınmır nədənsə. Buna əlavə olaraq, peşəkarlar qısa müddətli nəticələr üçün vuruşmazlar – onlar, daim bir neçə addım irəlisini düşünürlər. Bu məqaləmdə bu mövzuda daha geniş yazım var (“Peşəkarlarla işləmək bahalıdır əfsanəsi”). Bir neçə ay öncə regionlardan birində bir otelin sahibkarın qohumları tərəfindən necə dağıdıldığının şahidi oldum. “Dağıtma” sözün əsl mənasında baş vermişdir. Otelin idarəçiliynin etibar edildiyin insanlarda diqqətə alınan yeganə meyyar “güvən” olub – “qohum, yerli mənə zərər verməz” yanaşması. Ən böyük zərəri isə şirkətə “rəhbərə canım qurbandır” deyənlər verir adətən;
• Peşəkar, sözünü rahat deyəcək, və daim rəhbərin dediklərini təsdiqləməyəcək. Savadı olmayan insan “nə desəniz edəcəm, müəllim” tərzində işləyir, biliyi olan mütəxəssis isə nəinki etiraz edir – o həm də, doğruları göstərir. Daim ətrafı tərəfindən hər qərarının təsdiqlənməsinə öyrəşmiş bir sahibkarın eqosuna ən böyük zərbə “dediyiniz doğru deyil, belə etmək olmaz” sözləridir və peşəkar, bunları rahat şəkildə deyir. Maliyyə sahəsində bir mütəxəssis düşünün – iclasda yeni layihə ilə bağlı dəqiq rəqəmlərlə sübutlar gətirir və sahikarın-rəhbərin təklifinin əsassız olduğunu göstərir;
• Yaltaqlarla eyni davranmayacaq. Sahibkarın fantastik və utopik fikirlərinə ətrafında olan insanlar məthiyələr yağdırsa da, peşəkar əsla bu səviyyəyə enməz. İllərlə dediyi hər sözə “möhtəşəmsən, müəllim”, “dahisən”, “sənin kimi insanın qədrini Azərbaycanda bilmirlər”, “müəllim, sənin yerin Avropadır” sözləri ilə özgüvəni tavana yüksələn bir sahibkara kimsə “bu layihə alınmaz” deməsi digərləri və sahibkarın özünün tərəfindən soyuq duş, sonra da hörmətsizlik olaraq qəbul edilir;
• Peşəkar, şərait və şərtlər istəyəcək, çünki anlayır ki, bir işin uğurlu alınması üçün doğru şərait təmin edilməlidir və ətrafında güclü komanda olmalıdır. Sahibkarların qısa müddətdə və minimum xərclə möcüzə gözləməsinə qarşılıq
• Peşəkar, yalançı ümidlər verməyəcək. O anlayır ki, iş dünyasında möcüzə yoxdur və bir fəaliyyətə başlarkən “müəllim, əla olacaq, satışlarınızı 4 qat artıracağıq” kimi vədlər verməyəcək. O, biznes plan hazırlayacaq, riskləri hesablayacaq, işləri yerinə yetirmək üçün yeni insanların işə alınması barədə tələblər irəli sürəcək.
• Peşəkar, özünü əzdirməz. Təəssüf ki, ölkəmizdə bəzi şirkətlərdə belə bir məqam var : rəhbər ətrafına topladığı insanları əzir, onlarla kobud rəftar edir, təhqiramiz sözlərlə ünsiyyət qurur. Peşəkar mütəxəssis anlayır ki, ilk öncə o şəxsiyyətdir, və ancaq bundan sonra onun vəzifələri və statusu gəlir. Təcrübəmdə dəfələrlə şəxsən rəhbərlərin kəskin və aşağılayıcı davranışlaırnın şahidi olmuşam. Peşəkar insan səhv etsə belə, bu tərz yanaşmanı qəbul etməz. Biliyi, savadı olmayan, sahibkara “canım sənə qurban” deyən insanlar hər şeyi qəbul edir.
TƏCRÜBƏMDƏN MİSAL
Sahibkarın qorxaq ətrafı bəzi hallarda hər dediyini dəstəkləyərək rəhbərdə aşırı özgüvən yaradır. Öz təcrübəmdən misal verim. Məşhur şirkətlərimizdən birində sahibkar və komandası masada oturmuşdu, mən isə sahibkarın konsultantı kimi iclasda iştirak edirdim. Sahibkar bir fantaziyasını idarə heyətinə dedi və sanki qurbağa gölünə daş atıldı : orada oturan hərkəs digərlərindən daha da yüksək səslə və daha da güclü sözlərlə sahibkarın müdrikliyi, dahiliyi, möhtəşəmliyi, Azərbaycan kimi bir ölkədə iş görməyin ona layiq olmaması, onun qeyri-adi baxışları və dərin və geniş düşüncə forması haqda rəsmən yarışmağa başladılar. Gözlərimə və qulaqlarıma inanmırdım – ortalama yaşı 40 üzərində olan insanlar bunu edirdilər. Tamamən təcrübəsiz və birinci kurs tələbəsinin belə güləcəyi bir fikir idi əslində. Sahibkarın üzündə dünyanı fəth etməyə hazır bir sərkərdə ifadəsi vardı Masadaklıların qışqırmaqdan boğazları yorulduqdan sonra bu fikrin ÇOX boyük risklər daşıdığını və 2 rəqəmlə qeyri-mümkün olduğunu başa saldım. Bu zaman da o “idarəçilərin=qohum, dost, əqrəba, yerlilərin” bütün “ehtirası” mənim üzərimə keçdi : mən neqativ düşünürmüşəm, mümkünsüzləri mümkün edən insana inanmıram, mənim kimi insanlar ölkədəki inkişafın qarşısını alırmış, Azərbaycanda iş ortamı başqaymış…. Dedim ki, “2 x 2” Azərbaycanda da 4 edir, Amerikada da.
İndi isə gəlin peşəkarın orta satistik və klassik tərzdə idarə edilən bir şirkətə işə alındığını düşünək….Niyə dəyişikliklərin və yeniliklərin alınmaması çox geniş mövzudur və bu haqda mənim “Niyə reformlar alınmır?” məqaləmdə oxumaq olar.
Və sadə bir sual : daim məthiyələrə və təriflərə alışmış sahibkar niyə peşəkarı işə alsın?
Mənim hər zaman şirkət rəhbərlərinə etdiyim tövsiyyə – işə aldığınız insanların şəxsi keyfiyyətlərinə, mənəvi dəyərlərinə peşək biliklərindən daha çox əhəmiyyət və diqqət verin.
Doğru dəyərləri olan insana peşəni öyrədmək olar, amma səhv düşünən insana dəyərləri öyrədmək çətindir. İş qurmaq, biznes sahibi olmaq bir yoldur. Və bu yola çıxarkən doğru şəxsi keyfiyyətləri olan insanları seçmək lazımdır, çünki “İnsana peşəni öyrədmək olar, amma düzgünlüyü, doğruluq, məsuliyyətli və disiplinli olmaq və vacib olan digər insani keyfiyyətləri öyrədmək olmur”. Bunlar ya var, ya da yoxdur. Doğru insanları seçdikdən sonra yola çıxmaq lazımdır.
Bizimyol