Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarovun ABŞ-ın Nyu-York şəhərində dəbdəbəli mənzil alması təsdiqlənmişdi.
Turan-ın Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında nazirin böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə bir yox, iki mənzil alıb. Əvvəlki məlumatlarda onun bir mənzil aldığı qeyd edilirdi.
Həmçinin bəlli olmuşdu ki, 2015-ci ilin iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.
Ötən il yerli sakinlərin qərarından sonra “Tramp-pleys” adı binanın fasadından çıxarılıb.
Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil.
Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, sabiq XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.
Yada salaq ki, son illərdə Azərbaycan XİN korrupsiya qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunmuşdu.
ABŞ-dan aldığımız məlumata əsasən E.Məmmədyarov oğluna Nyu-Yorkda 4.2 milyon dollara aldığı evləri satmağa məcbur olub və sabiq nazir Səlim Müslümov kimi həbs edilməməsinin qarşılığında son illərdə korrupsiya yolu ilə yığdığı milyonları "təslim" etməklə məşğuldur. Necə deyərlər, "Kələklə gələn, küləklə gedər" . Görəsən Elmarın "Dərisinin soyulması" prosesi nə vaxtadək davam edəcək?
İfadetv.com