Bu ilin avqust ayının 5-də kriminal aləmdə “Muxa Lyuberetski” adı ilə tanınan Oleq Muxametşin adlı moskvalı Moskva şəhər Baş polis idarəsinin rəisi adına ərziə yazaraq “qanuni oğru” adından imtina etdiyini bildirib.
“Primecrime.ru” saytının verdiyi məlumata görə, o, bu addımını “sadəcə özünü bu adda hesab etmədiyini” yazmaqla kifayətlənib.
Saytın xəbərinə əsasən, sənəd saxtalaşdırmaq, qarət, qanunsuz silah saxlamaq üstündə dəfələrlə həbs olunmuş, Kazan şəhərində anadan olan Oleq Muxametşin 1994-cü ildə Moskvada “qanuni oğrular”, “Rospis” ləqəbli Andrey İsayev və “Savoska” ləqəbli Vladimir Savoskinin tövsiyəsi ilə “taclandırılıb”.
Bu yaxınlara qədər Oleq Muxametşin kriminal hesablaşmalara aktiv müdaxilə edən “slavyan” “oğru”ların siyahsında olub. 2008-ci ildə hələ həbsxanada olarkən “Muxa” məşhur “qanuni oğru” Ded Xasanın tərəfində duraraq digər kriminal lider Tariel Oniani haqqında oğru dünyasında “proqon” olaraq bilinən ölüm hökmü imzalayıb. 2013-cü ildə Muxametşinin iştirakı ilə Novosibirsk sakini Yevgeni Antipov, 2014-cü ildə isə Kazan sakini Roman Sıçov “qanuni oğru” adına layiq görülüblər.
Yazıda hazırda soyadını Deqtyaryov olaraq dəyişdirən Oleq Muxametşinin geri çəkilməsinin arxasında onun Ramensk şəhərindən olan “həmkarı”, Rusiyanın oğru dünyasının lideri sayılan “Şişkan”ın taleyini yaşamaq istəməməsi olduğu bildirilir.
Hər bir halda Oleq Muxametşin-Deqtyaryov oğru aləmində öz adından könüllü şəkildə imtina edən ilk avtoritet olaraq tarixə düşə bilər.