“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”– deyən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə son günlər müzakirə mövzusuna çevrilib. Şeyxin bu bu çıxışı sosial şəbəkələrdə kəskin tənqidə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri Şeyxi tənqid edərək bildiriblər ki, Dağlıq Qarabağın işğaldan azad olunması hansısa bir İran mollasının fətvası ilə deyil, şəhidlərin qanı hesabına başa gəlib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Allahşükür Paşazadəni bu sözlərinə görə tənqid atəşinə tutub. Onun sözlərinə görə, Şeyx bu fikirlərlə bizi İrana yaxınlaşdırmağa çalışır:
“Şeyxin bu sözləri insanların fikrini yayındırmaq üçündür. Xameneini bizə fətva verir ki, Qarabağ alınsın, amma erməniyə silah verir. Qələt edirlər, onlar ağzına gələn şeyi danışırlar.
Mən bu müzakirələr olmamışdan əvvəl də Allahşükür Paşazadə haqqında fikirlərimi deyib, sərt tənqid etmişəm. Bu torpağı Allah yaradıb, torpaq heç kəsin dədəsinin malı deyil. Mən ölüb bu dünyadan gedirəm, uzunluğu iki, eniyarım metr olan torpağı mənə satırlar. Qəbri mənə pulla satırlar, başa düşürsünüz?! Molla da bu qədər varlı olarmı? Neçə-neçə villası var.
“Qarabağı Xameneinin fətvası ilə aldıq” nə deməkdir axı?! Boş sözlərdir. Bizi İrana yaxınlaşdırmaq istəyir. Biz İranla qonşuyuq, hər ikimiz müsəlmanıq. Lakin onlar qonşu ola-ola bizə kömək etməyib, gedib ermənilərə kömək oldular”.
Əsmətxanım