İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşıdığını əks etdirən video yayılıb.
"axar.az" xəbər verir ki, erməni sosial şəbəkə istifadəçiləri dolambac və sərt döngələrdə İran yük maşınlarının ciddi problemlər və təhlükələrlə üzləşdiyi, buna baxmayaraq, sisternlər və böyük yük maşınları ilə daşımaları davam etdirdiyini qeyd ediblər.
Videodan da aydın görünür ki, İran yük maşınları ardarda düzülüb və Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21 kilometrlik hissəsindən yan keçərək, təhlükəli yola baş vuranlar sisternlərdən daha çox, fərqli yüklər daşıyan TIR-lardır. Bu isə ciddi suallar yaradır.
Gorus-Qafan yolundakı Azərbaycan postu İran yük maşınlarından tranzit haqqı alır və bu, o yüklər üçün o qədər də böyük məbləğ sayılmır. Maraqlıdır, necə olur ki, TIR-lar 100-150 dollara tranzit ödəməmək üçün ən təhlükəli yoldan istifadə edirlər? Nəzərə alsaq ki, həmin yoldan istifadə edən ağır yük maşınlarının amortizasiyasına tranzit pulundan daha çox vəsait xərclənməsi tələb olunur. Eyni zamanda, bu təhlükəli yolda artıq 3 İran TIR-ı qəzaya uğrayıb və ölüm baş verib.
İran TIR sürücülərinin qəzanı, nəqliyyatın hərəkətində ciddi maneəni nəzərə almaması və daha artıq amortizasiya xərcləri çəkməsi, “ölümü göz altına alma”sının 100 dollar tranzit haqqına görə olduğunu düşünmək isə mübahisəlidir. Burda yalnız iki ehtimal ola bilər: ya İran öz yük maşınlarına Azərbaycana xeyir verməmək üçün bu təhlükəli yoldan istifadəni qəti şəkildə tapşırıb, ya da İran TIR-larından bəzilərinin bu yolu seçməsinin səbəbi daşıdıqları yükün gizli qalmasını təmin etmək üçündür.
Maraqlıdır, İran TIR-ları Ermənistana nə daşıyır? Niyə TIR-larla yüklərin daşınması kəskin artıb?