Bu gün Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Dövlətimizin başçısı V.Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin törətdiyi təxribat barədə məlumat verib. Bundan başqa, Azərbaycan lideri Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.
Prezident, həmçinin Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib. Telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Məlum telefon zənginin pərdəarxası məqamları ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfqarovun fikirlərini öyrəndik.
T.Zülfüqarovun “Sherg.az”a müsahibəsini təqdim edirik.
-Bu zəngi necə qiymətləndirirsiniz və sözügedən danışıq hansı zərurətdən doğdu?
- Əlbəttə, maraqlı hadisədir. Bəzən siyasi liderlər arasında reallaşan belə olaylar gələcək əlaqələrə təsir göstərir. Hər halda tərəflər arasındakı münasibət bundan sonra bu və ya digər formada dəyişəcək.
- Zəngin məqsədi nə idi?
- Məqsəd Rusiyanın Ermənistana silah satması məsələsinə aydınlıq gətirmək idi. Bu addım Rusiyanın indiyə kimi verdiyi bəyanatlarına ziddir. Yəqin ki, yaxın zamanda dəqiq açıqlamalar olacaq və ictimaiyyətə məlumat veriləcək. Ancaq qaranlıq məqamlar da az deyil.
- Nə kimi qaranlıq məqamlar ola bilər?
- Ermənistan Rusiyadan istədiyi dəstəyi almır. Başqa sözlə desək, Rusiya Ermənistana əsaslı kömək göstərmir. Əlbəttə, Ermənistan bunu gizlətmək və başqa fon yaratmaq istəyir. Ola bilsin ki, Rusiyada olan ermənipərəst qüvvələr belə məlumatlar vasitəsilə Rusiyanın onların arxasında olmasını göstərməkdən ötrü ictimai rəy yaradırlar. Əlbəttə, hədəf Azərbaycan cəmiyyətidir. Tovuz döyüşləri zamanı xalqımızın həmrəyliyi düşmənləri qorxudub. Düzdür, yürüş zamanı təxribatçı ünsürlər oldu. Fəqət biz bütün dünyaya ismarıc verdik. Yəni Rusiyanın Ermənistana silah satması xəbərləri ilk növbədə təbliğat məqsədlidir. Ola bilsin ki, hərbi yardım göstərsin, amma bu, cüzi miqdardadır.
- Bu qənaətin fakta söykənən əsasları varmı?
- Bu, köhnə üslubdur. Aprel döyüşləri zamanı Rusiyanın Ermənistana “İskəndər” raketi satmasına dair xəbərlər tirajlanmışdı. Lakin indiyədək sübut olunmayıb. Həm də nəzərə almaq lazımdır ki, Rusiya siyasi elitasının baxışları, mövqeləri fərqlidir. Orada ermənipərəst qüvvələr heç də az deyil.
- Qəribədir, bu zəng məhz Türkiyə generalitetinin Azərbayacana gəldiyi gün baş verdi...
- Əlbəttə, təsadüf deyil və hadisər arasında əlaqə var. Ən azından ona görə ki, motivlər eynidir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın güclənməsi göz qabağındadır. Sözsüz ki, bu, bizi istəməyənləri narahat edir.
- Məlumatda Rusiya silahlarının Qazaxıstan, Türkmənistan və İranın hava məkanı ilə göndərildiyi göstərilir...
- Həmin silahların Gümrüdəki bazaya, yoxsa Ermənistana aid olması dəqiq deyil. Bu rəsmi deklarasiyada göstərilə bilər. Ola bilər, silahlar birbaşa Ermənistana yox, sadəcə oradakı hərbi bazaya yardım məqsədilə göndərilsin. Şübhəsiz ki, narazılığımızı və silahların Azərbaycana qarşı istifadə olunması ehtimalına dair narahatlığımızı bildirməliyik.
- Baş verən son hadisələrin fonunda müharibə ehtimalını necə qiymətləndirirsiniz?
- 2016-cı il hərbi əməliyyatlarından fərqli olaraq Minsk qurupu, bu dəfə demək olar, danışıqlar aparmadı. Bu, onu göstərir ki, münaqişənin siyasi yolla perspektivi görünmür. Ermənistanın işğalçılıq mövqeyi danışıqlar üçün əsas qoymur. Dövlət başçımız Paşinyanın yeddi şərti qarşısında bir şərt qoyub: “Dağlıq Qarabağdan erməni qoşunları çıxarıılmalıdır. Düzdür, proseslər hələ ki, siyasi müstəvidə davam edir, lakin hərbi sferaya keçməsi də tam realdır