Azərbaycanda hüquq-mühafizə və nəzarət orqanlarının və ümumilikdə məhkəmə-hüquq sisteminin hansı vəziyyətdə olduğunu göstərən çoxlu sayda biabırçı cinayət işləri və məhkəmə qərarları göstərmək olar. Lakin onların arasında Prezident Administrasiyasının sabiq şöbə müdiri, ölkə başçısının ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun yaxın ətrafına aid şəxslərə qarşı cinayət işi xüsusilə seçilir.
Məlum olduğu kimi, bir müddət əvvəl Əli Həsənovun kurasiyasında olan KİVDF-nin sədri Vüqar Səfərli başda olmaqla, bir neçə nəfərə məhkəmə hökmü elan olundu. “Əli Həsənovun cinayət işi” adlandırılan bu işdə Vüqar Səfərliyə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, digərlərinə isə müxtəlif müddətə şərti cəzalar verildi. Həmçinin, sözügedən şəxslərdən Vüqar Səfərlinin və Ədalət Vəliyevin (Əli Həsənovun bacanağı-red.) əmlakları müsadirə olundu. Bunlardan da ən qiymətlisi formal olaraq Əli Həsənovun savadsız, düz-əməlli imza atmağı belə bacarmayan, keçmiş traktorçu bacanağı Ədalət Vəliyevə aiddir - 36 milyon manat! Səfərlinin müsadirə olunan mal-mülkü isə 2-3 milyon civarındadır.
Rəsmi ittihama görə, jurnalistlər üçün bina tikintisində 18 milyon manatlıq yeyintiyə yol verilib. Bu, müsadirə olunan məbləğin yarısı deməkdir. Lakin unutmayaq ki, Ə.Həsənov jurnalistlər üçün hər üç binanın tikintisindən külli miqdarda qazanc götürüb. Bəzi məlumatlara görə, təkcə birinci binaya görə podratçı şirkət ona 7 milyon manat “şapka” ödəyib. İkinci və üçüncü binalarınsa hər birinin birincidən az qala iki dəfə böyük olduğunu nəzərə alsaq, təkcə bu tikintilərdən oğurlanan və Həsənova çatan pulun miqyasına dair aydın təsəvvür yaranar...
Əslində, əvvəldən məlum idi ki, bu işin sözügedən cinayətdə sadəcə imzası ilə iştirak edən və yüksək vəzifəli bacanağının zibilinə düşən Ə.Vəliyevə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, bu işdə rəsmən məsul şəxs kimi adı keçən Vəliyevin 36 milyonluq əmlakı müsadirə olundu. Ancaq o da məlum oldu ki, bu əmlak Vəliyevin yox, şəxsən Əli Həsənovun əmlakıdır. Çünki sözügedən əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub və o, istintaq dövründə əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub, məhkəmə isə onun müsadirə edilməsi ilə bağlı hökm çıxarıb. Bu, o deməkdir ki, hakim də, prokuror da yaxşı bilir ki, bu işin başında duran da, əmlakı müsadirə olunan da Əli Həsənovun özüdür. Lakin Azərbaycan reallığının ortaya qoyduğu mənzərə ondan ibarətdir ki, bu adama qarşı heç bir rəsmi iddia yoxdur və o, əmlaklarının heç də böyük olmayan bir hissəsindən özünü və yaxınlarını həbsdən qurtarmaq üçün vaz keçsə də, ümumilikdə ən azı 500 milyon dollarlıq qalan var-dövləti, mal-mülkü, sərvəti, biznesi ilə həyatını davam etdirir...
Bəli, hələ Həsənov vəzifədə olarkən ölkə mətbuatına onun malik olduğu var-dövlətin, mülklərin bir qismi bəlli idi. Bu siyahı heç də Mətbuat prospekti 23-də yerləşən və hazırda müsadirə edilən 36 milyonluq Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası ilə (Yeri gəlmişkən, sözügedən ünvanda 2 belə bina var, ola bilsin ki, müsadirə olunan heç BMM-in binası deyil, onun ekiz tayıdır-red.) məhdudlaşmır. Bu siyahıya Həsənovun ailəsinə aid “Kaspi” Təhsil Mərkəzi və onun ölkə ərazisindəki, eləcə də paytaxt Bakıdakı çoxsaylı filiallarından tutmuş “Xətai” klinikasına, həmçinin müsadirə olunan BMM-in binasının qonşuluğundakı eyni ölçü və görünüşdə olan digər binaya qədər çoxsaylı əmlaklar aiddir. Buraya İsveçrədəki bir neçə milyonluq villa, Türkiyədəki biznes başda olmaqla, xaricdəki əmlak və biznesləri də əlavə etmək olar. Həsənovların bu əmlaklarının, bizneslərinin dəyəri və mətbuata bəlli olmayan digər var-dövləti toplansa, bəlkə də ortaya 36 milyondan az qala 36 dəfə böyük rəqəm çıxar.
Yeri gəlmişkən qeyd edək ki, Əli Həsənova aid, BMM-in yaxınlığındakı eyni quruluş və ölçüdə olan digər oxşar binanı Dövlət Gömrük Komitəsinin İdarələrindən biri uzun illərdir ki, icarəyə götürüb və hazırda da buna görə böyük məbləğdə kirayə haqqı verir. Bu isə o deməkdir ki, uzun illər dövlətin mətbuat, ictimai-siyasi mühit, qeyri-höklumət təşkilatları və s. ilə bağlı siyasətində əsas fiqurlardan biri olan, yastı-yastı nitqlər söyləyən, özünü dövlət adamı kimi təqdim edən bu şəxsin hiyləgər korrupsioner və talançı olduğunun üzə çıxmasına, başqalarının adı arxasında gizlənərək törətdiyi cinayətlərin sübuta yetirilməsinə, bir sözlə, bütün bu biabırçılıqlara baxmayaraq, Azərbaycan dövləti onu cəzalandırmaq əvəzinə, hələ öz büdcəsindən ona kirayə haqqı da ödəyir!...
Burada ayrıca götürülmüş Əli Həsənov personasından və onun korrupsiya əməllərindən heç də əhəmiyyətsiz olmayan başqa bir məsələ də var. Söhbət Həsənovun uzun illər tutduğu vəzifədən və bu vəzifənin verdiyi korrupsiya imkanlarının miqyasından gedir. Belə ki, Həsənovun büdcə vəsaitlərinə birbaşa çıxışı, tenderləri, dövlət satınalmalarını yerinə yetirmək, vəzifə təyinatı həyata keçirmək, vergi toplamaq, cərimə kəsmək və s. kimi “yağlı” korrupsiya səlahiyyətləri olmayıb. Onun əsas gəlir mənbələri “Azərbaycan” nəşriyyatının, həmçinin, Vüqar Səfərlinin bir zamanlar rəhbərlik etdiyi “Azərmətbuatyayım”ın, eləcə də “Azərkitab”ın əmlaklarının talan edilməsi, büdcədən cəmiyyətin ən ağır sosial-iqtisadi duruma malik kəsimlərindən olan jurnalistlərə, mətbuata ayrılan vəsaitlərdən oğurluq edilməsi kimi heç də nəhəng sayılmayacaq istiqamətlər olub.
Ancaq bu şəxs acgözlük sarıdan digər daha samballı korrupsiya imkanlarına malik nazirlərdən və digər iri məmurlardan geri qalmayıb və hətta bəzən onları üstələyib də. Əgər belə olmasaydı, heç olmasa jurnalistlər üçün tikilən binalardan aldığı “şapka”larla, tikintidəki yeyintilərlə kifayətlənərdi. Lakin adam bu da azmış kimi, həmin binalardakı mənzillərin bölgüsü zamanı da öz iştahasını gizlədə bilmədi və həmin mənzillərin bir qismini gerçək jurnalistikaya aidiyyatı olmayan yaxın adamları arasında bölüşdürdü, pay-püşk etdi...
Demək istədiyimiz odur ki, vəzifəsi etibarilə korrupsiya imkanları nisbətən məhdud olan Ə.Həsənov belə təkcə ölkə daxilində (hələ xaricdəki mal-mülkünü demirik) dəyəri 10 milyonlar deyil, yüz milyonlarla ölçülən varidata sahiblənib və bunu hər kəs bilsə də, bu gün ona “gözün üstə qaşın var” deyən yoxdursa, indi görün büdcə vəsaitlərinə birbaşa çıxışı olanlar, tender qərarları imzalayanlar, dövlət satınalmaları edənlər, öz şirkətlərinə böyük tikintilər verənlər, dövlət əmlakını satanlar, vergi, gömrük rüsumu toplayanlar və digər “yağlı” korrupsiya imkanı olan sahələrdəki “gəlmiş-keçmiş” məmurlar nələrə sahibdirlər...
Bu gün mütəxəssislər işğaldan azad olunan ərzilərimizin bərpasına 20 milyard dollara yaxın vəsait lazım olduğunu bildirirlər. Azərbaycanda Ə.Həsənovdan qat-qat daha artıq korrupsiya imkanları olan və bu imkanlardan istifadə edən məmurlar olub və var. 20 milyard, təbii ki, böyük məbləğdir, lakin təkcə Həsənov kimisinin varidatı 100 milyonlarla ölçülürsə, o zaman Eldar Mahmudovdan Fazil Məmmədova, Hacıbala Abutalıbovdan Abid Şərifova, Əhməd Əhmədzadədən Tağı Əhmədova, Zakir Qaralovdan “Qaçqınkom” Əli Həsənova, Ziya Məmədovdan Ramiz Mehdiyevə, Oqtay Əsədovdan Qorxmaz Hüseynova qədər sadaladığımız və sadalamadığımız çoxsaylı məmurların və bəzi oliqarx deputatların varidatını üst-üstə toplasaq, alınan məbləğlə iki-üç Qarabağ boyda ərazini yenidən tikib-qurmaq olar.
Bunun üçünsə hökumət kasıb-kusubun, pensiyaçının, əlilin boğazından yox, belələrinin “piyindən” kəsib götürməlidir...
“AzPolitika.info”