Xəbər verdiyimiz kimi ləğv edilən KİVDF-nin sabiq direktoru Vüqar Səfərliyə hökm oxunub. Hökmə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlakları müsadirə edilib.
Həmin əmlaklar aşağıdakılardır:
- Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanət
- Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.
- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza
- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi
-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev
- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.
Bunlardan başqa, musavat.com-un məlumatına görə, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli son söz deyib.
Hökmdən öncə son sözünü deyən Səfərli bildirib ki, prokurorun ona istədiyi 11 illik cəza elə ömürlük həbsə bərabərdir. Hazırda 64 yaşı olduğunu vurğulayan sabiq Fond rəhbəri deyir ki, səhhətində ciddi problemlər var, ürək çatışmazlığı, təzyiq və s. problemlərdən əziyyət çəkir.
"İttihamlar uydurmadır"
"Mən dərmanla yaşayıram. Niyə həbs olunduğumu hələ də anlaya bilmirəm. Kimə lazım idi mənim fəaliyyətimin üstündən xətt çəkmək, bilmirəm. Mənə verilən ittihamlar uydurmadır", – Səfərli son sözündə belə deyib. O, təqsirsiz olduğunu vurğulayaraq məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Səfərli son sözündə Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri, həbs olunana qədər bu partiyanın Nərimanov təşkilatının sədr müavini olduğunu da hakimlərin nəzərinə çatdırıb."2 milyona yaxın pulum vardı"
O, özü və ailə üzvlərinin bank hesabındakı vəsaitlərin Fondun rəhbəri olduğu dövrdə mənimsəmələr hesabına əldə olunması haqda iddialarla da razılaşmayıb.Hələ 90-cı illərin əvvəllərindən bizneslə məşğul olduğunu, Çinə bu məqsədlə gedib-gəldiyini deyən Səfərli xatırladıb ki, ilk dəfə 2000-ci illərdə banka 60 min manat vəsait yatırıb: "Mən 2009-cu ildə prezidentin sərəncamıyla Fondun icraçı direktoru təyin ediləndə artıq bankda 480 min manat vəsaitim vardı. 2015-ci ildə devalvasiya ərəfəsində prosesləri izləyən hər kəs bunun baş verəcəyini gözləyirdi. Ona görə mən bankdan manatla olan əmanətimi çıxarıb dollara çevirdim. Bir müddət özümdə saxladım, sonra yenə dollarla banka qoydum. Faiz dərəcəsi aşağı idi - illik 3 faiz. Zaman keçdikcə manat möhkəmləndi, çıxarıb dolları manata çevirdim. Bu dəfə əmanəti manatla yatırdım. 2018-ci ildə artıq faizlərlə birlikdə 2 milyona yaxın pulum vardı".
Digər təqsirləndirilən N.Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib.
Daha sonra məhkəmə müşavirə otağına yollanıb.
Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.
Hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Proses davam edir.
Xatırladaq ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri, , digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib. Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.
Bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub. Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb