Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.
Mülki iddiada qeyd edilib ki, 18 milyon manata yaxın ziyan təqsirləndirilən şəxslərdən alınaraq MEDİA-nın xeyrinə ödənilsin.
Daha sonra KİVDF-də V.Səfərlinin rəhbərliyi altında mühasib işləmiş Təhminə Yaqubova ifadə verib. Onun ifadələri arasında ziddiyyətlər olduğu bildirilib.
T.Yaqubovanın istintaqa verdiyi ifadəsi elan edilib. O, KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, V.Səfərlinin həyat yoldaşının adına olan qəzetə vəsaitin ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.
Həmçinin T.Yaqubova jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, V.Səfərli ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq, ona mənzil verib.
Şahid istintaq ifadəsi ilə razılaşmadığını söyləyib.
Məhkəmədə təqsirləndirilən B.İsmayılov da dindirilib. Onun sözlərinə görə, uzun müddət tikinti sahəsində, 10 ilə yaxın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Tikinti İdarəsində mülki işçi kimi çalışıb: "2014-cü ildə KİVDF-də çalışmağa başladım. Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm. Daha sonra fondun Tikintiyə Nəzarət şöbəsində işlədim. Mən işə gələn zaman artıq jurnalistlərin qaldığı ikinci binanın yarısı tikilmişdi".
B.İsmayılov bildirib ki, binanin tikintisini aparan şirkət əslində Əli Həsənova məxsus olub: "Nadir Məmmədov formal olaraq orada direktor idi. Üçüncü binanın tikintisi zamanı Nadir Məmmədov şirkətin direktoru vəzifəsindən çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gətirildi. Lakin o, işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı oradan xeyli sayda nöqsanlar aşkarladım. Bununla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də üçüncü binanın tikilişi zamanı həftədə bir dəfə əraziyə gəlirdi, işlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Məsələn binada yerlərə parketin vurulması nəzərdə tutulmuşdusa, ora laminant vuruldu. Lakin qiymətləndirmədə parketin qiyməti yazılmışdı. Daha sonra binada istifadə olunan materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı idi.
Bundan başqa, layihədə pəncərə altlıqlarını mərmərdən göstərsək də, plasitkdən vurulmuşdu. Divarların parça oboydan vurulması nəzərdə tutulsa da, kağız oboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı".
Proses noyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.