2022-ci ilin ilk günləri bizi qiymət artımı ilə salamladı. Özü də qiymət artımı bütün sahələrdə müşahidə olunur. Tikinti materiallarının qiymətində də nəzərəçarpacaq bahalaşma var.
Bunu az əvvəl “Hurriyyət”in redaksiyasına zəng vuran topdançıdan öyrəndik. Onun dediyinə görə, yanvarın ilk günlərindən etibarən plastik qapı və pəncərələrin hazırlanmasında istifadə olunan plastik material, dəmir, şüşə 40-45 faiz bahalaşıb.
Belə ki, 1 ay əvvələdək qiyməti 20 manat olan, sonra bahalaşaraq 30 manata qalxan yerli istehsala aid ağ rəngli plastik profillərin 6 metri bu gün 45 manatdan hesablanır. Bu isə o deməkdir ki, 1 ay ərzində qiymətlər kosmik sürətlə yüksəlib. Özü də söhbət qeyd etdiyimiz kimi, yerli məhsuldan gedir. Türkiyə istehsalı olan plastik profillər isə 20-30 manat daha bahadır. Qiymətlər rəngə görə də dəyişir. Misalçün, qəhvəyi rəngli plastik material ağ rəngli plastik materialdan təxminən 2 dəfə bahadır.
Plastik qapı-pəncərənin hazırlanmasında istifadə edilən 0,5-lik dəmirin 1 metrəsinin qiyməti 50 qəpikdən 1 manata (2-lik dəmirin qiyməti 70 qəpikdən 2 manat 20 qəpiyə), ağ rəngli şüşənin 1 kvadrat metri isə 16 manatdan 25 manata qalxıb. Üstəlik, topdançıya inansaq, günortadan sonra qiymətlər daha 10 faiz qalxacaq.
Göründüyü kimi, qiymətlər astronomik həddə yüksəlib. Özü də bu təkcə plastik qapı-pəncərələrin qiymətidir. Təbii ki, digər tikinti materiallarının qiymətləri də dəyişib. Bu isə o deməkdir ki, un və un məmulatlarının, qida məhsullarının qiymətinin qalxması fonunda quru maaşa dolanan əhalinin evini təmir etdirməsi müşkül məsələyə çevriləcək.
Minimal əmək haqlarının, pensiya və müavinətlərin 20-30 faiz qalxması bu cür bahalaşma ilə rəqabət apara bilərmi? Onu da unutmayaq ki, bu gün özəl sektorda çalışanlar dövlət qurumlarında çalışanlardan qat-qat çoxdur. Bu isə o deməkdir ki, əhalinin yalnız müəyyən bir hissəsinin maaşında artım olub. Digər hissənin gündəlik və aylıq qazancı isə şirkət rəhbərlərinin imkanı və insafına bağlıdır.
Bax belə… 2022-ci iliniz mübarək, əziz həmvətənlərimiz…
RUNA