Allah bizi ruspərəstlərin fəsadından qorusun
Bu dəfə Ramiz Mehdiyev , Əli Həsənov tandemi Vüqar Səfərli adlı bir subyekti “Günah keçisi” kimi qabağa verdilər. Yəni bizim banda başdan ayağa imam övladı kimi məsum şəxslərdir...
Döyüş meydanında həlak olanların, özlərini müdafiə edə bilməyən ağır yaralıların üst-başını, çantalarını ələk-vələk edib oğurluq edənlərin, vahimə içində ev-eşiyini atıb xətadan uzaqlaşmaq istəyən dinc əhalinin olan-qalanını qamarlayanların bir adı vardı, maradyor. Dünyanın bütün dövlətlərində maradyorlar məhkəməsiz, filansız yerindəcə ya edam edilirdilər, ya güllələnirdilər.
Başımıza gələnləri hamı bilir, insan itkiləri bir yana, ölkənin böyük bir hissəsi virandır. Bərpa üçün milyardlar lazım gələcək, mən hələ təşkilatçılıq işinin fantastik çətinliklərindən danışmıram.
Otuz il ərzində o həftə, o gün olmayıb ki, evlərə şəhid nəşi gətirməsinlər. Azərbaycan bütün səlib dünyası ilə təkbətək mübarizə aparırdı. 44 günlük əsl milli cihadda qazandığımız zəfəri qoyuram qırağa... Soruşuram, bu dəhşətli, qələbəyə ümidin azaldığı üzüntülü illərdə milləti həyasızcasına tarac edib qəsrlər, imarətlər ucaldan, ən gözəl yerlərdə torpaqları zəbt edənlərə, iştirakçıları ellik zəmanətlə bir-birilərinə bağlı olan müdhiş şəbəkə yaradanlara marodyor bandası deyə bilmərəm? Bunların hansı birinə layiq olduğu cəza verilib? Heç birinə! Ölkənin ikinci vəzifəli şəxsi Əsədov cənablarının, Ziya Məmmədovun imarətləri barədə ətraflı məlumat alandan sonra, mən birdə tam haqlı olmağıma inandım. Mən çox-çox əvvəl demişdim ki, Azərbaycanda real hakimiyyət imansız yırtıcıların əllərindədir. Mənən naqis olan bu zümrə cəmiyyətin bütün təbəqələrinin də əxlaqını pozub. Adi sahə müvəkkilindən tutmuş nazirə, generalına kimi bir əməli saleh məmurun olmadığı məmləkətdə nə cür oldu ki, biz zəfər qazandıq? Bu suala cavab verməkdə hələ indiyə qədər çətinlik çəkirəm.
“Günah keçisi”, ya da diqqəti yayındırmaq
Xristianlığın yayılmasından çox-çox əvvəl Aralıq dənizinin şərq sahillərindəki ölkələrdə maraqlı adət vardı. Bir bəla, fəlakət sadir olanda kahinlər, dövlət başçıları cəm olub müəyyən ayinləri keçirər, dualar edər və sonra rəmzi olaraq bütün günahları, qəbahətləri bir keçinin üstünə atardılar. Belə inam yaranmışdı ki, Allahın dilsiz-ağızsız heyvanı bütün bəlaları camaatdan uzaqlaşdıra bilər. Sonra keçini yaşayış məskənindən qovurdular, çox keçmirdi ki, heyvanı çöldə canavarlar parçalayırdılar.
Hamı sevinər, yeyib-içər, rahat nəfəs alırdılar, yəni Allaha şükürlər olsun ki, xəta-bəla bizdən uzaq düşdü.
Bu dəfə Ramiz Mehdiyev , Əli Həsənov tandemi Vüqar Səfərli adlı bir subyekti “Günah keçisi” kimi qabağa verdilər. Yəni bizim banda başdan ayağa imam övladı kimi məsum şəxslərdir...
Bu haradan gəlib aramıza düşüb, bilmirik. Qəzetlərdə Vüqar ağanın əldə etdiyi əmlakın siyahısı ilə tanış olanda mən təəcüblənmədim, vaxtilə Ramiz ağanın təqdimatı əsasında “yağlı” vəzifələrdə oturmuş, illər boyu milləti taraqc etmiş vampirlərlə müqayisədə bu nədir ki? Razim Məmmədov nə az, nə çox düz on iki il Xətai rayonunu dədəsinin malikanəsi kimi idarə etdi, ona bizlərdən başqa söz deyən oldu? Elə təkzibolunmaz faktlar ortaya qoyduq ki, sovet hakimiyyəti zamanı günahkarı bir gündə ilim-ilim itirərdilər. Vüqar ağanın İsmayıllı rayonunun Tirgan kəndində torpaq sahəsi də aşkar olunub. Nə olardı, bizim prokurorluq orqanları həmin İsmayıllı rayonunda misilsiz meşələrin, əkin, bağ sahələrinin kimlər tərəfindən necə qamarlandığını açıb göstərəydilər. Kimi bu bəlalı rayona mühüm vəzifəyə təyin ediblər, o da qohum əqrəbası üçün istənilən səfalı yerdə torpaq alıb. Vüqar ağanın əməllərindən Ramiz Mehdiyev bixəbər olub? Olub, lap yaxşı olub! Soruşula bilər, bəs nə üçün Vüqar ağa qəzəbə gəlib? Cavab sadədir, yırtıcı kaşalotlardan, imansız sprutlardan diqqəti yayındırmaq üçün bəzən axmaq kambalanı qurban verərlər. Bir də Vüqar ağa o qədər həyasızlaşmışdı ki, onu cəzasız buraxmaq sərfəli deyildi. Siz elə bilirsiniz o, çox “yatacaq”? İndiyə qədər belələri axıra qədər cəza çəkiblər ki, o da çəksin?
Çox yəqin ki, ona belə təlimat verilib, indi ki belə qələt eləmisən, altını da çəkməlisən, yaxşısı budur məhkəmədə istintaqda dilini dinc saxla, artıq-əskik danışma. Məhkəmə filan əlimizdədir, biz deyəni eləsin, səni araqarışıqlıqda çölə çıxaracağıq. Dərd burasındadır ki, mənzil məsələsində jurnalistlərin əlbəttə ki, çoxunun arzusu ürəyində qaldı. Onlara qanunla veriləsi mənzillər Vüqar kimi adamların əli ilə başqalarına çatıb. İndi kimdir bütün bunları araşdıran?
... Bu sözləri yazanda başqa bir mətləb də yadıma düşdü. Bu son üç-dörd ildə elə oliqarx, elə maqnat, elə böyük vəzifə sahibi olmayıb ki, onun əmlakı, villa və digər obyektləri barədə məlumatlar üzə çıxmasın. Daha o imkanlı, vəzifə sahibi olan şəxs qalmayıb ki, bər-bəzəkli imarətlərinin şəkilləri orda-burda görünməsin. Ramiz Mehdiyevin, əzizlərinin malikanə və bağ evləri barədə heç yerdə bir sətir də yoxdur. Şəxsi əmlakı barədə də səhih və dəqiq xəbər-ətər heç kimə məlum deyil. Bəziləri deyəcək ki, kişi işini bilir, o dəli deyil ki, şahanə villaları ilə camaata acıq versin.
Sadəcə olaraq jurnalistlər çəkinirlər, yaxşı bilirlər ki, uzun illər ərzində böyük təcrübə qazanmış, Azərbaycan cəmiyyətinin bütün əyər-əksini əla öyrənmiş Ramiz Mehdiyevin üzərinə getmək asan deyil, onu bu əyalət nuvorişlərinin heç biri ilə müqayisə etmək olmaz. Onun hansı qüvvəyə arxalandığını hamı bilir. Həmin qüvvə də hələlik bizdə ağalıq edir.
Cambulun yurdunda nə baş verir?
Bu maraqlı, həm də təhlükəli mövzunu davam etdirmək istəyirdim ki, Dəşti-Qıpçaqdan həyəcanlı xəbərlər gəldi. Dəşti-Qıpçaq... bu sözün nə mənə olduğunu YAP-ın məşhur alimnüması Aydın Mirzəzadə cənabları yaxşı bilər.
...Televiziya ekranlarında gördüklərimizdən belə nəticəyə gəlmək olar ki, iğtişaş iştirakçıları deyildiyi kimi xırda qruplar yox, böyük kütlədir. Beş-on qrup birdən-birə onlarla şəhərdə eyni vaxtda aləmi bir-birinə vura bilməzdi.
Hamı bilir ki, son illərdə Qazaxıstan yeni intibah dövrünə qədəm qoymuşdu. Hər şeyi qıraqda qoyub, adi bir amildən danışmaq istərdim. Rus çarizmi qədim Türküstanı işğal edəndən sonra o zülm, sitəm qalmadı ki, onun əhalisinin başına gətirməsin. Rus məmuru nə vaxt qazaxı, qırğızı, ya da türkməni adam yerinə qoyurdu?
Ötən əsrin 50-ci illərində biz cavan tələbələri taxıl yığımına kömək üçün Akmolinskə aparmışdılar. Bir dəfə görmədim ki, adi rus yerli camaatı adam yerinə qoysun. Qazaxlar da o qədər mütiləşmişdilər ki, səsləri də çıxmırdı. 60 il ərzində Dəşti-Qıpçaq Sovet imperiyasının nüvə silahlarının sınaq poliqonuna döndərildi. Nə qədər türk torpağı radiasiya ilə məhv edildi! Bu azmış kimi Xruşov kimi bir avantüristin əmri ilə xam torpaqlara da əl gəzdirildi. Planetin ən münbit torpaqları belədən belə şumlandı... Birinci il məhsul əldə edildisə, ikinci il təbii fəlakət baş verdi, həm min illər boyu yaranmış humus təbəqəsi zay oldu, həm də ətraf mühitə, təbiətə elə ziyan dəydi ki, alimlər indi də əlac tapa bilmədilər.
Aləmlər bir-birinə dəyəndən sonra qazax xalqının başbilənləri ayılıb quru yerdə qaldıqlarını gördülər. Həyasızlıq o yerə çatmışdı ki, qazax öz doğma torpağında doğma dilində danışa da bilmirdi.
Əsarət altında saxladığı xalqların bütün etiraz çıxışlarını yatırmağın üsullarını bilən Moskva əlbəttə ki, fürsəti əldən verməzdi. Qazaxıstanda əvvəl-axır çıxışlar başlanacaqdı, küçələrə axışacaq camaatın arasına fitnəkarları, casusları, ruspərəstləri salmaq o qədər də zəhmət tələb etmir. Sadəcə olaraq sinfi simasını itirmiş, lümpenləşmiş, işsiz, pulsuz qalmış cavanları, onların dəstəbaşılarını ələ gətirmək lazım idi.
Bakıda törədilmiş Yanvar qətlamının bütün üsulları, fəndləri Qazaxıstanda da isə salınıb. Ölmüşdü rusun anası ki, o Türküstan əhalisini qəddini dikəltməyə qoysun. 1916-cı ilin dəhşətli qətlamını xatırlayın!...
Moskva onun iradəsinə tabe olmaq istəməyən xalqların arasına nifaq toxumları səpməyi gözəl bacarır. Uzaq Kamçatkadan ta Volqaya qədər ölkədə yüzlərlə konslager və həbsxana vardı. Məhbusların əksəriyyəti ruslardan ibarət olan lagerlərə nəzarətçiləri , konvoyu, komendantları qıyıq gözlü, monqoloid irqinə mənsub olanlardan təyin edirdilər. Milli nifrət belə körüklənirdi!
Mən hələ ruslara patoloji nifrət bəsləyən qərbi ukrainlərin ölüm düşərgələrində məsul vəzifələrə təyin edilmələrindən danışmıram. Rəsmi təbliğat bir gün də durmadan asiyalılardan, ötkəm “xaxollardan”, latışlardan, estonlardan düşmən obrazı yaradırdı. Bu həqiqəti azərbaycanlı “tarixçilərdən” başqa bütün dünya görürdü.
... Vaxt-vədə tamam olanda, əvvəlcədən hazırlanmış ssenari əsasında bir “xalq hərəkatı” təşkil olunur, manqurtların, Moskva kəşfiyyatına satılmışların köməyi ilə qan tökülür. Sonra da guya əmin-amanlıq yaratmaq, dinc əhalini qorumaq bəhanəsi ilə sülhməramlı pərdəsi altında cəza dəstələri irəli verilir.
Beləliklə xalqın inamı qırılır, o, təzədən Rusiya boyunduruğu altına girməyə məcbur olur. Qzaxıstanda baş verənlərin məğzi budur.
(Ardı var)
Firuz HAŞIMOV