Ukrayna prezidenti Vladimir Zelenski Qərbi xəbərdarlıq edib ki, əgər Ukrayna üzərində səmanı bağlamazsa, Rusiya NATO üzvü olan ölkələrə zərbələr endirə bilər
Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin gedişində rusiyalı işğalçılar hərbi infrastruktur ilə bağlı olmayan obyektlərə zərbələr endirir.
Bu barədə Ukrayna prezidenti martın 14- də prezident Ofisinin "Facebook" səhifəsində dərc edilən videomüraciətində bəyan edib.
"Ölkəmizin şərqində işğalçılar Moskva patriarxatlığının Ukrayna pravoslav kilsəsinin Svyatoqorsk monastırını "demilitarizasiya" və "denasifikasıya" etmək qərarına gəlib.
Zərbə anında monastırda yalnız rahiblər və yüzlərlə qaçqın olub. Monastırda və ya onun yaxınlığında heç bir hərbi hədəf olmayıb", - o, deyib.
Prezident vurğulayıb ki, "Rusiya qoşunları hətta monastıra belə zərbələr endirməkdən çəkinmir".
"Təkcə elə bu faktın özü Rusiya dövlətinin ideologiyasının, sadəcə, yalan olduğunu nümayiş etdirir", - Zelenski bəyan edib.
O, həmçinin qeyd edib ki, işğalçılar şüurlu surətdə Kiyev vilayətində amerikalı jurnalist Brent Renonu qətlə yetirib.
"Bu günümüz də qara rənglə başladı. Rusiyanın raketləri və aviasiyası bombaları yenə də ölkəmizi zərbələrə məruz qoyub. Təkcə Lvov vilayətinə 30 raket düşüb. Beynəlxalq sühməramlılıq və təhlükəsizlik mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, 134 nəfər yaralanıb. Orada Rusiya Federasiyası ərazisinə təhlükə törədən heç nə baş vermirdi. Və oradan cəmi 20 km aralıda NATO ərazisi yerləşir", - Zelenski vurğulayıb.
"Əgər siz bizim səmamızı bağlamasanız, o zaman Rusiya raketlərinin sizin ərazinizə, NATO ərazisinə, NATO ölkələri vətəndaşlarının evlərinə düşməsi yalnız zaman məsələsi olacaq", - Zelenski bəyan edib.