Azərbaycanın müstəqillik dövründə işində nöqsanlara yol vermiş, korrupsiyaya əl atmış və müxtəlif qanunsuzluqlar etmiş məmurlar olub ki, məsuliyyətə cəlb olunub.
Ölkədə həbs olunan məmurlar arasında nazirlərin də adlarına rast gəlmək mümkündür. DİA.AZ-ın məlumatına görə, BAKU.WS saytı həbsxana həyatı yaşamış sabiq nazirlər barədə kiçik araşdırma aparıb.
Müstəqilik dövründə həbs olunan nazirlərin siyahısını təqdim edirik:
Əli İnsanov - 9 noyabr 1993-20 oktyabr 2005 tarixlərində Azərbaycan Respublikasının Səhiyyə naziri postunu icra edib. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Səlim Müslümov - 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət edib. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilib.
Surət Hüseynov - 1993-cü ilin iyununda Baş nazir təyin olunub. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezidentin əfv fərmanı ilə həbsdən azad olunub.
İsgəndər Həmidov - 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 1994-cü ildə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Rəhim Qazıyev - 17 mart 1992-ci ildən 20 fevral 1993-cü ilə qədər Azərbaycan Respublikasının Müdafiə naziri olub. Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Fəxrəddin Təhməzov - 17 may 1992-ci ildən 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri olub. 1993-cü ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası alıb.
Pənah Hüseyn - 1993-cü ilin aprel-iyun aylarında Azərbaycan Respublikasının Baş naziri olub. Pənah Hüseyn AXC hakimiyyətindən qısa müddət sonra həbs olunub. Bir müddət həbsdə qaldıqdan sonra azad olunub.
Müzamil Abdullayev - 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
Fərhad Əliyev - 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri olub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Nəriman İmranov - 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
Fikrət Yusifov - 1994-1999-cu illərdə Azərbaycan Respublikasının Maliyyə naziri olub. 2005-ci ildə həbs olunub. 2 ildən çox həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.
Nicat Quliyev - 4 noybar 1993-cü ildən 4 avqust 1995-ci ilə qədər Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. 2005-ci il oktyabrın 19-da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb. 2013-cü il avqustun 7-də həbs edilib və 2016-cı ildə azadlığa buraxılıb.