Qarabağ bölgəsində fəaliyyət göstərən jurnalist Xəyyam Salmanzadə öz sosial şəbəkə hesabında Ağdamın icra başçısı Vaqif Həsənovun oğlu Vasif Həsənovun bahalı istirahəti ilə bağlı maraqlı paylaşım edib.
Əvvəlcə azsiyaset.com-a istinadla həmin paylaşımı olduğu kimi təqdim edirik:
“Bu gün Ağdamın Səfərli qəsəbəsində şəhid ailəsinin evində çəkiliş edirdim. Şəhidin oğlu müsahibəsində dedi ki, oğlumun ürəyi şirinçay istəyir, şəkər tozu tapmadığımdan arzusu ürəyində qalıb…
Həyatın işinə bax, Ağdamın icra başçısı Vaqif Həsənovun oğlu Vasif İspaniyada 1200 manata oteldə gecələyir, şəhidin oğlu isə şəkər tozu tapmadığından oğluna şirinçay içirdə bilmir!”
Azsiyaset.com xəbər verir ki, barəsində paylaşım edilən Vasif Həsənov Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsində məsul vəzifədə çalışır.
P.S. İfadetv.com olaraq bildiririk ki, həmkarımızın Vaqif Həsənovun məmur oğlu Vasifin İspaniyada hər gecəsinə 1200 manat xərcləyib oteldə istirahət etməsində qəbahət heçnə yoxdur. Aldığımız məlumata görə Vaqif müəllim 44 günlük müharibə başlayan kimi oğlunu təcili olaraq könüllü surətdə müharibəyə getməyə və öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməsini istəyib. Oğul Vasif də oktyabrın 1-dən etibarən könüllü olaraq müharibənin ən qızğın yerlərində iştirak edib və çoxsaylı medallarla təltif edilib. Ona görə də belə bir qəhrəman Vətən övladının kimin oğlu olmasından aslı olmayaraq ən azı xarici ölkələrdə kef çəkməyə, pullar xərcləməyə mənəvi haqqı çatır. Vasif Həsənov torpaqlarımızı ona görə azad etməyib ki, Azərbaycanın rüşvətxor ünsürlərinin oğulları-qızlarından başqa kimsə xarici ölkələrdə istirahət etməsin. Bu yanlış fəlsəfədir. Biz Vətən müharibəsi iştirakçısı olan məmur oğlu məmur Vasif Həsənova can sağlığı və xoş istirahətlər arzulayırıq.
İfadetv.com