“Sizin və tabeçiliyinizdə olanların istifadə etdiyiniz ritorika uzun zaman ərzində dözümsüzlük və aqressivliklə yüklənib. Bu da nəticədə ölkəmizi faktiki olaraq, “soyuq müharibə” dövrünə geri atıb. Yenə də Rusiyadan qorxmağa, ona nifrət etməyə başlayıblar və biz yenə dünyanı nüvə silıahı ilə hədələyirik.. Bu fikirlər Moskva şəhər Lomonosov Bələdiyyə Dairəsi Şurası deputatlarının Putinə müraciətində yer alıb.
Qurumun rəsmi internet səhifəsində dərc edilən müraciətdə deputatlar Putini vədlərini yerinə yetirməməkdə günahlandırır və onu istefa verməyə çağırırlar: “Sizin birinci və qismən də ikinci prezidentliyiniz dövründə yaxşı islahatlar həyata keçirildi. Lakin sonradan hər şey tərs getməyə başladı – ÜDM-in ikiqat artımı baş vermədi, minimal əmək haqqı bəyan olunan həddə çatdırılmadı, ağıllı və əmək qabiliyyətli insanlar kütləvi şəkildə ölkədən getməyə başladılar vəd edilmiş stabillik isə köklü-dibli mövcud deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xahiş edirik ki, özünüzü tutduğunuz vəzifədən azad edin. O səbəbdən ki, sizin baxışlarınız, idarəçilik modeliniz ümidsiz dərəcədə köhnəlib və Rusiyanın və onun insan potensialının inkişafına mane olur”.
Bu, rusiyalı deputatların Putinə ard-arda ikinci oxşar müraciətidir. Xəbər verildiyi kimi, bundan az öncə Sankt-Peterburqun Smolınsk Bələdiyyəsi Şurasının deputatları Dövlət Dumasına rəsmən müraciət edərək, Vladimir Putinin vətənə xəyanətdə ittiham edilməsini tələb ediblər. Sankt-Peterburqdan bələdiyyə deputatı olan Dmitri Palyuqanın öz “tvitter” hesabında paylaşdığı həmin müraciətdə göstərilir ki, Putinin Ukraynada başlatdığı müharibə nəticəsində Rusiya ordusunun döyüş qabiliyyətli hissələri məhv edilir, eləcə də ölkənin əmək qabiliyyətli gənc vətəndaşları həlak olur, yaxud əlil qalırlar. Əvəzində NATO Rusiya sərhədlərinə daha da yaxınlaşır: “Bununla əlaqədar sizdən Duma deputatları kimi Rusiya Federasiyası Prezidentinin vəzifəsindən kənarlaşdırılması üçün ona qarşı vətənə xəyanət ittihamının irəli sürülməsi təklifilə çıxış etmənizi xahiş edirik”.
Sankt-Peterburq deputatları bu müraciətdən sonra polisə çağırılıb. Onlara qarşı cinayət işinin açıldığına dair məlumatlar var. Buna baxmayaraq, Moskva deputatlarının da cəsarət göstərərək oxşar müraciətlə çıxış etməsi Rusiyada Putinə qarşı etirazların yavaş-yavaş siyasi müstəviyə çıxmasından və genişlənməsindən xəbər verir.
Azpolitika.info