Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir. Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb.Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalara görə, hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcək. Yəni 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcək. Bu, rəsmi rəqəmlərdir. Amma vizual görüntü və şəhərdəki sıxlıq hiss etdirir ki, Bakıda 3,1 milyon deyil, 5 milyon əhali yaşayır. Baş Plana görə, 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılacq. 2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur. Yəni burada deyirlər “avazınız yaxşı gəlir, oxuduğunuz Quran olsa”…
DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin MuradlıBizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Baş Planda çox maraqlı məqamlar var.
“Bu 2011-ci ildə imzalanmış, 2011-2015-ci illər üzrə metronun strateji inkişaf planına uyğun bir layihədir və sənədi Prezident İlham Əliyev imzalamışdı. Həmin dövrdən strateji plan üzrə sürətli iş getməyib. Amma artıq Baş Planda da bu məsələnin öz əksini tapması o deməkdir ki, bununla bağlı ciddi işlər görüləcək” - deyə Elməddin Muradlı qeyd edib.
Ekspert təəssüflə bildirib ki, indiyə qədər nəqliyyatın inkişafı ilə bağlı, imzalanmış bir çox proqramlara dövlət qurumları, aidiyyatı qurumlar səhlənkar yanaşırdılar. Tam icra edilməyib.
“Elə götürək, Yol hərəkəti Təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən dövlət proqramını. Bu proqramın icrası bizi qane etmədi. Orada yazılan bir çox vacib məsələlər var ki, həyata keçriilməsi önəmlidir. Ətraf mühitin qorunması,nəqliyyatın inkişafı, piyadaların hərəkəti və təbliğat işləri baxımından bir bir aktivlik, hərəkət görmədik. Sadəcə, kağız üzərində qeyd etdilər, icra etdilər” - deyən Elməddin Muradlı bildirib ki, təbii ki, metro bizim üçün önəmlidir. Metro ilə yanaşı təbii ki, tramvay xəttlərini olması da önəmlidir. 54 km böyük məsafədir. Düzdür, Bakını tam əhatə etməsə də, bizə lazım olan, o sıxlıq yaradan nəqliyyat axını zəif olan ərazilərdə ictimai nəqliyyatın inkişafı olmalıdır. Bununla paralel ictimai nəqliyyatın digər növü olan avtobusların inkişafı da vacibdir, önəmlidir.
“Təbii ki, yerin altında metro xəttləri çəkilərkən 100 faiz araşdırma aparılır. Geoloji, hidroloji bütün proseslər yoxlanılır. Yəni metri çəkilişləri araşdırmalara əsasən aparıldığı üçün bu işləri görmək mümkündür. Sadəcə planlı şəkildə işlər aparmaq lazımdır. Həmin dövrə uyğun əhalinin statistikasını çıxarmaq mümkündür. Yəni kor-koranə layihələr heç kimə fayda gətirməyib, bizə də gətirməyəcək.
Sadəcə, insanların Bakıya axınının kökünü araşdırmaq lazımdır. Niyə əhalinin 3 milyonu Bakıdadır? Rəsmi olaraq 3 milyon deyirlər, amma bu gəlib 5 milyona çatıb. Ölkə əhalisinin təxminən 50 faizi Bakıdadır. İnsanlar nə üçün Bakıya axın edir? Onları niyə bölgələrdə saxlaya bilmirik? Bu suallara cavab tapmaq, bu problemi həll etmək lazımdır” - deyə qeyd edən ekspert əlavə edib ki, inkişaf strategiyası elə qurulmalıdır ki, digər dövlər proqramları ilə, strateji planlarla üst-üstə düşsün, paralel inkişaf etsin.
0