Rusiya mətbuatına istinadən bildirir ki, ötən çərşənbə günü Ermənistanın paytaxtında keçirilən KTMT sammiti göstərdi ki, üzv ölkələr Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müdaxilə etmək niyyətində deyillər. Baş nazir Nikol Paşinyan müttəfiqlərin sərt imtinasından o qədər qəzəbləndi ki, sammitin əsas sənədini – KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan belə imtina etdi. Bu sənəd Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihə idi.
Noyabrın sonu Qarabağ müharibəsinin bitməsindən sonrakı iki il ərzində Cənubi Qafqazda ən narahatedici ay oldu. Ən əsası İrəvanın xarici siyasət kampaniyasının “rus” və “fransız” istiqamətləri eyni vaxtda iflasa uğradı.
Beləliklə, Ermənistan Rusiyadan və KTMT-dən istədiyini almadı, ona təklif olunanları isə rədd etdi. Fransanın nizamlanma prosesinə qayıtmasına gəlincə, bu, fransız siyasətçilərinin özlərinin səyi nəticəsində uğursuz oldu. Hələ oktyabrın ortalarında prezident Emmanuel Makron Azərbaycana qarşı qalmaqallı ittihamlar səsləndirdi, ardınca da və ötən həftə Fransa Senatı Bakıya qarşı ümumavropa sanksiyalarının tətbiqini tələb edən ikinci anti-Azərbaycan qətnaməsini qəbul etdi. Parisin bu cür davranışı onun Ermənistan-Azərbaycan müharibəsindən sonrakı proseslərdə iştirakını qeyri-mümkün etdi. Ötən cümə günü prezident İlham Əliyev isə bəyan etdi ki, Nikol Paşinyan ona dekabrın 7-də Makronun iştirakı şərti ilə Brüsseldə görüşməyi təklif edib və məhz bu, anti-Azərbaycan qüvvələrin danışıqlarda iştirak etməsi şərti bu görüşü mümkünsüz edib.
Beləliklə, Ermənistan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini ləngitmək və ya öz xeyrinə çevirmək üçün diplomatik yollarını tükətdi: Rusiya bəllidir ki, Azərbaycana təzyiq etməyəcək, Azərbaycan isə Fransanın işğalçı siyasəti açıq dəstəklədiyi müddətcə Fransa ilə danışmayacaq. Siyasətdəki ikiqat fiaskonun təbii nəticəsi Ermənistan hakimiyyətinin ənənəvi hərbi təxribat üsullarına əl atmasıdır. Eyni zamanda, indi sərhəddə Azərbaycan mövqelərinə hücum etməyin mənası yoxdur – 13-14 sentyabr döyüşləri həm Azərbaycanın sərhədlərinin nə qədər qüdrətli möhkəmləndirildiyini, həm də hücumlara nə qədər sərt cavab verdiyini, həm də belə təxribatlarda Bakının qələbəsinin nə qədər qaçılmaz olduğunu göstərdi. Buna görə də, növbə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyin artmasına çatıb. Nikol Paşinyan rejimi hələ də Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkmək, Rusiya sülhməramlı kontingentini təhlükə altına salmağa cəhd edir.
Separatçıların Azərbaycan ordusunun mövqelərinə hücumuna ciddi hazırlıq görülməsi təkcə artilleriya atəşi ilə sübut olunmur. Şənbə günü erməni yaraqlılarının kvadrokopteri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonadan kənarda kəşfiyyat apararkən ələ keçirilib və həftə ərzində Laçın dəhlizi ilə hərbi texnikanın daşındığı elan edilib. Ermənistan Qarabağdakı qanunsuz silahlı birləşmələri silahlandırır və Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin dəqiq yerini öyrənir və bu, koordinasiyalı hərbi birləşmənin hazırlanmasının bariz əlamətləridir.
Əgər Rusiya sülhməramlılarının atəşə tutulması planı baş tutmasa, o zaman Ermənistan şübhəsiz ki, Qərbə öz sülhməramlılarını yerləşdirmək xahişi ilə üz tutacaq. Aydındır ki, onlar Qarabağ iqtisadi rayonuna girməyəcəklər, çünki Azərbaycan buna razı olmayacaq. Bu addım da anti-Rusiya addımı olacaq. İrəvan Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanmasına və hərbi sahədə Rusiya-Ermənistan əlaqələrinin zəifləməsinə çalışacaq.
Beləliklə, KTMT-nin Ermənistana Azərbaycanla döyüşməkdə kömək etməmək qərarından sonra bu, hadisələrin tamamilə gözlənilən inkişafıdır./milli.az