Biz insanları bilə-bilə öldürürük, məhv edirik, aşağılayırıq. Üstəlik, bu insan fərqlidirsə, üstündürsə, mütləq bir yolunu tapıb, onu gözdən salırıq. Başqasının olmasa belə, öz gözündən salmağı bacarırıq. Elə Əlisa Nicatı gözdən saldığımız kimi...
Düzdür, Şahbaz Xuduoğlunun ona ürəyi yanmışdı, yardım etmək istəmişdi. Bəlkə də düşünmüşdü ki, bu tarixçinin, yazıçının probemini gündəmə gətirib dövlət səviyyəsində ona həll yolu tapa bilər. Hər nə isə, ilk baxışda Şahbaz Xuduoğlunun o paylaşımını normal qəbul edirəm. Adamın ürəyi yanmışdı Əlisa Nicata...Amma təəssüf ki, hər şey elə o paylaşımdan sonra başladı. Bütün sosial şəbəkə Əlisa Nicatdan danışmağa başladı. Hətta bəziləri “mən yardımımı etdim, gedin, siz də edin” sözlərini də istifadə etdi. Bir çoxları məhz onun sayəsində statuslar, paylaşımlar edərək, özlərini reklam etməyə başladılar.
Yox, mən yenə də Şahbaz Xuduoğlunu qınamıram. Çünki Şahbaz Xuduoğlu özü metroda kitab yarmarkası ilə bağlı broşür paylayacaq qədər sadə insandır. Hətta ürəyindən keçənləri yazacaq qədər sadə.. Məqsəd güdməyən, reklam yolu axtarmayan...
Bəs 87 yaşlı yazıçının bu qədər alçaldılmasında kimdir günahkar? Mən deyim, özünü “tanınmış” adı ilə cəmiyyətə sırımağa çalışanlar. Səhifəsində aktivliyi artırmaq istəyənlər, insanların həyatı üzərindən özüün "piar" edən, əslində boş-bekar, sözün əsl mənasında avara adamlar...
Digər tərəfdən isə, Çingiz Abdullayev çıxıb deyir ki, “Anarın 84 yaşı var, çıxıb qapı-qapı gəzəsi deyil ki”... Maşallah Çingiz müəllimin də ağzından bal damlayır. Nə gözəl dediniz, Çingiz müəllim, Anarın 84 yaşı var və qapı-qapı gəzəsi deyil... Məhz elə bu səbbədən də yeni seçkilərdə Yazıçılar Birliyinin rəhbərliyinə gənc birini istəyirdilər ki, qapı-qapı gəzib yazıçıların problemləri ilə maraqlansın... Azərbaycanda kifayət qədər yazıçı, qələm əhli var ki, bəlkə də Əlisa Nicatın evi onun yanında toya-bayrama getməlidir.
Anar və Çingiz Abdullayev
Yazıçı ilə bağlı açıqlama verən Çingiz Abdullayev rahat şəkildə Anara haqq qazandıra bilirdi. Amma qurultayda “203 min manat hara xərclənib” deyə soruşan jurnalistə bir söymədiyiniz qaldı.
Nə baş verir, cənablar? Siz hər zamanmı haqlısınız? Yoxsa sizi haqlı edən yapışdığınız kreslolarınızdır? Axı siz kimsiniz bu xalq olmadan? Azərbaycan dilini doğru-dürüst bilməyən, jurnalistə yuxarıdan aşağı baxıb, aşağılayan, yazıçının dərdinə çarə qılmayan siz deyilsinizmi? Nə isə, onsuz da bilirəm ki, yazmaqla, danışmaqla sizə heç nə olan deyil. Nə kəramətdirsə, artıq... Məqsəddən yayınmayım...
Əslində toxunmaq istədiyim sizin kreslolarınız və ya xərclədiyiniz pullar deyildi. Bu gün oxuyuram ki, Əlisa Nicatın oğlu atasının kartını bankomatda yoxlayıb və görüb ki, 6 mindən çox pul yığılıb.... Sevinib... Sadəcə, utanın deyirəm. 87 yaşlı bir yazıçını dilənçi vəziyətinə saldığınız üçün utanın...
Əlisa Nicatın elə bir şəraitdə yaşamasının səbəbkarı elə ilk növbədə sizsiniz. Hanı yazıçıya verdiyiniz dəyər? Niyə səlahiyyətlərinizi, vəzifələrinizi unudursunuz?
Yox, mən Şahbaz Xuduoğlunda zərrə qədər günah görmürəm, haqq qazandırıram əksinə... Çünki onun sayəsində biabırçılığı hələ bitməmiş qurultayınızın, yarıtmaz fəaliyyətinizin sübutunu görürük. Anarın 84 yaşı var və deyir ki, “mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, hələ 5 il yaşayacağam və sədr kimi fəaliyyət göstərəcəyəm”... Cənab sədr, kimdir səni mətbuatın zəhərini udmağa məcbur edən? Udma!
Unudursunuz cənablar, unudursunuz ki, bu gün zəhərini udmağa özünüzü məcbur hiss etdiyiniz mətbuatın sayəsində ayaqdasınız, kimliyinizi formalaşdırmısınız. Bu gün aşağıladığınız mətbuatın sayəsində...
Məsələn, mən düşünürəm ki, AYB-də sədr gənc bir kadr olsaydı, ən azından özünü bir müddət sevdirmək üçün yaşlı yazıçıların vəziyyəti ilə maraqlanardı, ən azından öz maraqları qədər...
Nə deyim vallah. Bu gün Əlisa Nicatın boynubükük şəklini sosial şəbəkələrdə, saytlarda görəndə ürəyimdən keçdi : “Səni boynubükük vəziyyətə salanın boynu bükülsün, Ustad”...
İradə Cəlil, Bizimyol.info