“Hakimin fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib”
Hərbi ekspert Üzeyir Cəfərov: "Sahil Babayevi və Himalay Məmişovu da Səlim Müslümovun taleyi gözləyir"
Gəncə şəhər sakini Rəhimov Asif İsa oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi şəhid olan qardaşının 10 il sonra şəhidlik statusunun ləğv olunduğunu bildirir. Onun məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
“Mən, Rəhimov Asif İsa oğlu, qardaşım Rəhimov Yusif Asif oğlunun 10 ildən sonra şəhidlik statusunun ləğv olunmasına görə sizə müraciət edirəm. Qardaşım Rəhimov Yusif Asif oğlu 1994-cu ildə Fizuli rayonu, Yuxarı Veysəlli kəndinin ərazisində döyüş vaxtı 4 güllə yarası alır və ağır yaralanaraq, Bakı şəhərindəki 5 saylı xəstəxanaya gətirilir. Orada böyrəyi amputasiya olunur, bağırsaqları çölə çıxardılır.
Beləliklə, əməliyyatdan 28 gün sonra qardaşıma II qrup əlillik dərəcəsi verilir. Vəziyyəti ağır olaraq dəyərləndirilir. Hətta beyin pozuntusu da yaşayır. Özünə xəsarətlr yetirir, olmayan ifadələr səsləndirir. Nəticədə, Gəncə şəhərində yerləşən psixiatriya xəstəxanasına köçürülür və az müddət sonra elə orada da vəfat edir.
Qardaşım rəhmətə gedəndən sonra Gəncənin icra başçısı Rasim Daşdəmirov və digər rəsmi nümayəndələr dəfn mərasimində iştirak etdilər, qardaşımın şəhidlik statusunu atama təqdim etdilər.
2009-cu ilə qədər dövlət qardaşım Rəhimov Yusif Asif oğlunu şəhid kimi tanıyıb. 2009-cu ildən sonra Gəncənin Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Mursəl Mürşüdov Gəncə Apellyasiya Məhkəməsinə şikayt ərizəsi göndərib ki, şəhidin sənədində şizofreniya xəstəliyi yazılıb. Yəni, onun fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib. Mənim sizlərə sualım var, hansı dəli öz canına qıymadığı halda ölə bilər?
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Əliyev təsdiq edib ki, bu şəhid deyil, “dəlilik”dən ölüb. Həmin hakim Fikrət Əliyev atamdan o vaxt 2000 dollar pul istəyib ki, şəhidliyi təsdiq etsin. Biz kasıb ailənin övladlarıyıq, boş-boşuna kimlərəsə verməyə pulumuz yoxdur. Atam həmin hakimin sözlərindən 6 ay sonra rəhmətə getdi. Heç özünə gələ bilmirdi ki, oğlum şəhid olduğu halda məndən pul istənilir.
Bir çox orqanlara müraciət etmişik, kimlərsə bu işlə bağlı tapşırıqlar verir, yekunda işimizə baxılmır. Hətta o vaxt dövlət telekanallarının birindən də gəlib çəkliş etdilər, amma efirə vermədilər. Səbəbini soruşduqda isə mənə dedilər ki, tapşırıq var, efirə verə bilmərik.
10 ildir məhkəmələrdəyik. YAP-ın Gəncə şəhər şöbəsindən deputat seçilən Muşviq Cəfərova mürda aciət etmişik. O da söz verib ki, əlindən gələni edəcək. Cavab gözləyirik.
Sizin redaksiyanız vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanıma müraciət edirik, xahiş edirəm, tapşırıq verin, bu iş araşdırılsın. Qoca anam var, öz dərdi özünə bəsdir, xahiş edirəm nəzərə alın”.
Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovla həmsöhbət olduq:
“Çox təəssüflər olsun ki, bu mövzu ilə mənə müraciət edənlər az deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu cinayətlər seriyasını törətməkdə davam edir. Buna bənzər hadisə Zaqatala rayonunda da yaşanıb. Belə ki, Aşağı Tava kənd sakini Ömərov Ramin Əmrulla oğlu 1996-ci ildə Haramı düzündə N saylı hərbi hissədə xidmət keçərkən posta həyatını itirib və 1997-ci ildə ona şəhid statusu verilib. Hal-hazırda Zaqatala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Bun baxmayaraq, şəhidliyi əlindən alınıb…
Qanun deyir ki, dövlət və ya hökümət orqanı inzibati sənəddən, protokoldan bir il müddətində bu məsələnin ləğvi, yenidən baxılmasını icra edə bilər. Amma man bu günə qədər Azərbaycan məhkəmələrində hakimlərə sübut edə bilməmişəm ki, ləğv bir il müddətində ola bilər. Təəssüflər olsun ki, Sahil Babayev və Himalay Məmişov Dövlət Sosial Müdafiə Fonduna guya təcrübəli, adları çıxmış vəkilləri yığıblar ki, guya bu vəkillər qanunu çox düzgün icra edirlər. Əksinə, bu vəkillər insanları narazı salırlar. Həmin vəkillər müəyyən məhkəmələrlə danışırlar və onları razılığa gətirib, həmin statusu ləğv etdirirlər. Bu işlər Azərbaycanda araşdırılsa, yaxud Avropa Məhkəməsinə gedib çıxsa Azərbaycan külli miqdarda cərimələnəcək. Çünki Azərbaycan Konstitusiyasından təkcə vətəndaşın dövlət qarşısında borcu yoxdur, dövlətin də, hakimiyyətin də vətəndaş qarşısında borcu var. Yəni bu məsələlər Sahil Babayev və Himalay Məmişovun istəyi ilə həll olunmamalıdır. Ora Sahil Babayevin və Himalay Məmişovun atasının evi deyil.
Səlim Müslümov da vaxtilə özbaşınalıqları çox eləmişdi, indi məhkəmələrdə biabırçılıqlarla üzləşir. Sahil Babayevi və Himalay Məmişovu da belə bir gələcək gözləyir. Vətəndaş özü özünə pensiya təyin etmir, vətəndaşa pensiya təyin edən orqan Sahil Babayevin təmsil olunduğu nazirlik və yaxud da vaxtilə əvvəl kim olubsa vəzifədə onlar icra ediblər. Ona görə də məsuliyyət dövlət və hökümət strukturunun üzərindədir.
Mən hesab edirəm ki, sizin mənə müraciət etdiyiniz məsələ də qanunsuzdur. Ayıb olsun həmin hakimlərə ki, gücü şəhidə və şəhid ailəsinə çatır. Belə haqsızlığa düçar olmuş vətəndaşlar Avropa Məhkəməsinə müraciət etsinlər.
Hazırladı: Jalə FAMİLQIZI
P.S. Bütün bunlardan sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerinə, “Əhaliyə Qənim Nazirliyi” desək, daha doğru olmazmı?!
P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.