“Rusiya öz xalqını tərk edir və bu cür davranışın sonu onun dağılması ilə nəticələnəcək”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb. Erməni analitik yenə də KTMT-ni və Rusiyanı hədəfə alıb:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Laçın dəhlizi ilə bağlı məsələnin həllinin onun məsuliyyət dairəsindən kənarda olduğunu açıqladı. KTMT-nin baş katibi Stanislav Zasın dilindən səsləndirilən bu fikirlərə təəccüblənməməliyik. Əksinə, KTMT-dən başqa heç nə gözləmək olmazdı. Bu Təşkilat Ermənistanı qorumaq üçün real və konkret addımlar atmaqda aciz olduğunu dəfələrlə sübuta yetirib. Ümumiyyətlə, Kremlin təbliğatçıları bütün problemin Rusiyada deyil, Ermənistanın indiki hakimiyyətində olduğunu deyirlər. Reallıq isə tamam başqadır. Rusiya birbaşa öhdəliklərini yerinə yetirməkdən yayınaraq, vaxta qənaət edir. Yeri gəlmişkən mən KTMT-ni nəzərdə tuturam” – deyə Qriqoryan yazıb.HAŞİYƏ: KTMT baş katibi Zasın bu açıqlaması ermənilərə daha çox “od qoyub”. Çünki Laçın dəhlizində azərbaycanlı fəalların aksiyasının dayandırılacağı ilə bağlı KTMT-yə olan son ümidləri də puça çıxıb. Məhz bu səbəbdən də Ermənistanda anti-Rusiya meylləri artmaqdadır. Amma ermənilər böyük dövlətlərə kömək üçün yalvarmaqdansa, öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirsələr, bu, onlar üçün daha yaxşı nəticələrə gətirib çıxarar.
Qalust Qriqoryan daha sonra fikirlərini belə davam etdirib: “Zaman göstərdi ki, baş nazir Nikol Paşinyan KTMT bəyannaməsini və Ermənistana yardımın göstərilməsi ilə bağlı layihəni imzalamaqdan imtina edərkən haqlı idi. Çünki Rusiya Azərbaycana çox böyük güzəştlər etdi. Görünən odur ki, Rusiya artıq özününküləri qorumur! “Biz özümüzü tərk etmirik” ifadəsi çoxdan zarafat kimi səslənir. Rusiya hamını tərk edir. Öz müttəfiqlərini, həmvətənlərini və vətənpərvərlərini də… Və belə qorxaq imperiyanın sonu dağılmaq və nifrətdir” – deyə erməni analitik fikirlərini tamamlayıb.HAŞİYƏ: Azərbaycan dövləti və xalqı Şuşa-Xankəndi-Laçın yolunda keçirdiyi aksiyalarla nəyə qadir olduğunu bir daha sübuta yetirdi. Cəmi bir neçə gündür davam edən aksiya artıq bütün Ermənistanı lərzəyə salıb. Artıq ermənilər beynəlxalq təşkilatlara, böyük dövlətlərə yalvararaq kömək istəyirlər. Təbii ki, heç kim regionda nüfuz və güc sahibi olan Azərbaycanla Ermənistana görə münasibətləri korlamayacaq. Ermənistan bunu nə qədər tez anlasa və azərbaycanlıların haqlı tələbləri nə qədər tez yerinə yetirilsə, İrəvan üçün bir o qədər yaxşı olacaq. Əks halda təkcə Rusiya yox, onun vassalı olan Ermənistan da dağılacaq və məhv olacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az