“Mən heç kimə pislik etməmişəm. Amma çörəyimin duzu yoxdur. Heç bir yaxşılıq etmədiyim adamlar heç vaxt mənim əleyhimə olmayıblar. Amma o adamlara ki, yaxşılıq etmişəm, birinci növbədə onların bir qismi nankorluq edib…”
İfadet.com xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.
Anarın bu fikirləri həmkarı Əkrəm Əylisli haqda deyib-deməməsi haqda suala isə o, belə cavab verib: “Bu, Əkrəm deyil. Əkrəm heç olmasa, yazıçıdır. Bilirsiniz, Əkrəm mənim yaralı yerimdir. Çünki mənim dostum olub. Bir yerdə çörək kəsmişik. Yazıçı kimi onun əvvəl yazdığı əsərləri qiymətləndirirəm. Allah ona ömür versin. Bir məclisdə toplaşmışdıq. Mən onun şəninə sağlıq dedim. Onu böyük yazıçı adlandırdım. Hamı təəccübləndi. Dedilər, axı o, həmişə sənin əleyhinə danışıb. Dedim, danışsın. Biz dost olmuşuq, bu gün də onun ad günüdür, 85 yaş da az yaş deyil. Ona görə də istəyirəm ki, o, sağlam olsun.
Moskva mətbuatında, “Komsomolski Pravda”da onun haqqında rus dilində ilk yazını mən yazmışam. “Daş yuxular”dan sonra gördüm onu çox pisikdirirlər. Əslində haqlı edirdilər. “Daş yuxular” ermənipərəst əsərdir. Amma təklənməsini istəmədim. O yazını bizim dilə tərcümə edib “Azərbaycan” jurnalına verdim. Orada çap olundu. Ancaq onun tərəfindən heç bir reaksiya olmadı. Sonra dedi ki, yəqin o vaxt “Komsomolski Pravda”dan sifariş olunub, ona görə Anar məndən yazıb. Axı onu tanıyırdılar ki, sifariş də versinlər? O qəzetdə mənim bir neçə məqaləm çıxmışdı. Ona görə də bu yazı mənim təşəbbüsümlə çıxdı. O ki qaldı Əkrəmi böyük yazıçı adlandırmağıma, əgər İctimai TV-də Əlisa Nicatı dahi adlandırırlarsa, Əkrəmi böyük yazıçı saymamaq insafsızlıqdır”.
O, həmkarı Əkrəm Əylisli ilə dostluqlarının pozulmaması üçün əlindən gələni etdiyini, lakin bunun faydasız olduğunu bildirib: “Mən çox şey elədim bunun üçün. Amma o, buna getmədi. Mən onu Yazıçılar Birliyinə katib gətirdim. Bax bu otağın arxasında oturub mənim əleyhimə qiyam hazırlayırmış. Və mən bunu otuz ildən sonra bildim. Rəhmətlik Sabir Əhmədlinin ölümündən sonra çap olunan romanını oxuyanda bildim ki, Əkrəm və başqa bir cavan yazıçı deyiblər ki, Anarı buradan avtomatla çıxaracağıq, yerində oturacağıq...”