"Biz bu xəbəri yaxınlarımızdan öyrəndik. Kimlərsə instaqramda qızım Könül Hüseynovanın adına saxta profil açaraq ailələrinin köməyə ehtiyacı olduğunu söyləyir və bununla bağlı hansısa yardım toplamaq kompaniyası başladıblar”.
Bu sözləri Sfera.az-a açıqlamasında şəhid pilot Rəşad Atakişiyevin qayınatası politoloq Qabil Hüseynli söyləyib.
Qızı Könül Hüseynovanın ailəsinin heç bir yardıma ehtiyac duymadığını vurğulayan Hüseynli bu ifadələri dilə gətirib.
"Guya qızımın övladlarının xəstəliyi ilə bağlı Türkiyədə müalicəsi üçün pul toplanır. Könülün övladları tam sağlamdır və heç bir müalicəyə də ehtiyacları yoxdur. Mənim qızımın heç bir sosial şəbəkədə hesabı yoxdur. Qızım Könül Hüseynova Musiqi Akademiyasının dosentidir, dövlətdən qənaətbəxş maaş alır. Üstəlik ona böyük ehtimalla dövlət də övladlarına görə pensiya kəsəcək. Nəyə isə ehtiyacı olacağı halda isə Könül tək deyil, onun ailəsi həmişə yanındadır”.
Çirkin kompaniyanı başladanları "mənəviyyatsız” adlandıran politoloq artıq hüquq-mühafizə oranlarına müraciət etdiklərini və təqsirkarların ən yaxın zamanda cəzalandırılacaqlarına inandıqlarını bildirib.
"Belələri mənəviyyatsız adamlardır. Bu iyrənc kompaniya şəhidimizə, onun ruhuna, ümumiyyətlə bütün şəhidlərimizə sayğısızlıqdır. Biz artıq hüquq – mühafizə orqanlarına ərizə ilə müraciət etmişik. Ən yaxın zamanda bu işlərin icraçılarının cəzalandırılacağına əminəm”.