Rusiya hərbi komandanlığının vasitəçiliyi altında Qarabağ ermənilərinin təmsilçiləri ilə təmaslardan böyük nəticələr gözləməyə dəyməzdi.
Bu sözləri politoloq Elxan Şahinoğlu Qarabağda separatçıların son təxribatı səbəbindən Azərbaycanın atmalı olduğu addımlar haqda Globalinfo.az-a danışarkən deyib.
O bildirib ki, qarşı tərəfin münasibətlərin normallaşması istiqamətində adekvat addımlar atmamasını erməni separatçılarının məlum təxribatı da göstərdi:
“Nəzərə almaq lazımdır ki, atəş Azərbaycan ərazisində açılıb və öz növbəsində təxribatın miqyasının nə qədər böyük olduğunu göstərir. Məsələ ondadır ki, separatçılar rus sülhməramlılarına güvənərək Azərbaycan hərbçilərinə qarşı təxribat törətməyə cəsarətlənirlər. Buna görə də bizim hədəflərimiz dəyişməməli və bu istiqamətdə işlər görülməlidir.
Birincisi, separatçılar ən qısa zamanda qeyd-şərtsiz tərk-silah olunmalıdırlar;
İkincisi, Ermənistanla Qarabağ separatçıları arasında hərbi bağlantı mütləq kəsilməlidir. Hesab edirəm, bunun üçün Laçın yolunun qurtaracağında sərhəd və gömrük postu yaradılmalıdır;
Üçüncüsü və ən əsası Rusiya hərbçilərinin 2 ildən sonra ölkəmizi tərk etməsini təmin etməliyik.
Politoloqun sözlərinə görə, Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın açıqlaması Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması vacibliyindən xəbər verir:
“Bu o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq. Bu işin asan olmayacağı bəllidir. Bir tərəfdən məsələnin hərbi-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq.
Vətəndaşlarımız bu il Laçında məskunlaşmalı, Şuşaya da tədricən köçürülmə başlanmalıdır. Yaxın tarixin səhvlərini təkrarlaya bilmərik”.
Turan Rzayev
Globalinfo.az