Tovuzda baş verən məşhur “Nərmin İşi” üzrə cinayətin istintaqında adı işgəncədə hallanan rayon polis şöbəsinin sabiq rəis müavini Şahlar Cəfərovdan xəbər var.
Gununsesi.info-nun məlumatına görə, bir müddət əvvəl sərəncama götürülən Şahlar Cəfərov Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsində əməliyyat müvəkkili təyin edilib.
Qeyd edək ki, “Nərmin İşi” üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şahlar Cəfərovun adı İlkin Süleymanova qarşı ağır işgəncələrdə çəkilib.
Məhkəmə üzləşməsində İlkin Süleymanov Cəfərovun ona işgəncə verdiyini üzünə söyləyib.
Şahlar Cəfərovla bağlı araşdırmamızda onun bir zamanlar çalışdığı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də saxlanılan vətəndaşlara qarşı eyni əməllər törətdiyi iddia olunub.
Hətta Şahlar Cəfərovun adı beynəlxalq təşkilatların hesabatlarında da işgəncə verən polis zabiti kimi çəkilib.
Görünür, DİN rəhbərliyi polisin nüfuzuna xələl gətirən bu şəxsi aşağı vəzifəyə yollamaqla bu amilləri nəzərə alıb.
Qeyd edək ki, polis polkovnik-leytenantı Şahlar Cəfərov 2019-cu ildə Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilmişdi.
Elmar
Gununsesi.info