Milli Məclisin deputatı Vahid Əhmədovun “Yeni Sabah”a müsahibəsi:
- Prezident İlham Əliyev ötən gün Salyanda “AzTV”yə verdiyi müsahibəsində separatçılara qarşı sərt mövqe sərgiləyərək, bir sıra mesajları da onlara çatdırıb. Bu çıxışı Xankəndidə antiterror əməliyyatının anonsu hesab etmək olarmı?
- Bu əməliyyatlar dövlət başçımız tərəfindən çoxdan həyata keçirilib. Son illərdə isə onlar müəyyən təxribatlar həyata keçirirlər. Çünki arxalarında müəyyən qüvvələr var ki, onları şirnikləndirilər və s. Lakin başa düşmürlər ki, Azərbaycanın dövlət başçısının apardığı yumşaq siyasət nəticəsində yavaş-yavaş Xankəndi və ətraf ərazilər Azərbaycanın yurisdiksiyasına qayıdacaq və sərhədlər qurulacaq.
Hətta dünən də fikir verdim ki, Nikol Paşinyan Ermənistan Milli Məclisindəki çıxışında etiraf etdi ki, Qarabağ Azərbaycana məxsusdur. Bu isə dövlət başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Ona görə də dünənki mesaj elə yerində verilmiş bir bəyanatdır. Mesajın əsas məqsədi isə odur ki, bu məsələni ermənilər qurtarsın. Yəni qurtarın bunu, sülh müqaviləsini imzalayaq və işimizi görək. Ondan sonra isə problemlər olmayacaq.
- Əgər Ermənistandakı hakim komanda bu məsələyə loyaldırsa, mane olan nədir?
- Hər zaman demişəm ki, səlahiyyətlər Paşinyanın ixtiyarında olsaydı, o, çoxdan sülh müqaviləsi imzalayardı. Lakin qorxur ki, qol çəkəndən sonra onu devirsinlər. Ona görə də bu məsələyə görə narahatdır. Lakin yenə deyirəm ki, bu yumşaq siyasət nəticəsində istədiyimizə nail oluruq. Hətta bütün yüksəkliklər Azərbaycan ordusu tərəfindən götürüldü. Bu da cənab Prezidentin apardığı siyasətin nəticəsidir.
Dövlət başçısı dünən ona görə də xəbərdarlıq etdi ki, bu məsələni siz qurtarmasanız, onsuz da həll edəcəyik. Biz müharibə etmək istəmirik, buna ehtiyac yoxdur, amma yavaş-yavaş sərhədlərimizə gedib çıxacağıq.
- Sizcə, indiki siyasi şərait bu əməliyyatın gerçəkləşməsinə imkan verirmi, şərtlər maraqlarımıza uyğundurmu?
- Açığını söyləyim ki, mən müharibənin tərəfdarı deyiləm. Biz siyasi yolla onları başa salmalıyıq ki, bu müharibə sizə heç nə gətirən deyil, siz uğur qazana bilməzsiniz və bu, mümkün deyil. Onlar da bunu çox gözəl anlayırlar.
Doğrudur, daxildə ruspərəst Sarkisyan-Koçaryan cütlüyü müəyyən addımlar atıb camaatı şirnikləndirməyə çalışır. Lakin mən erməni mətbuatına baxanda görürəm ki, Qarabağın erməni əhalisi bu gün daha çox Azərbaycanla bir yerdə olmaq istəyir. Çünki bilirlər ki, Azərbaycanın şəraiti ilə o biri şərait eyni deyil.
Hesab edirəm ki, cənab Prezidentin seçdiyi siyasət çox ağıllı siyasətdir və təkrar edirəm ki, bu siyasətin nəticəsində Azərbaycan son zamanlar bir sıra yüksəklikləri götürüb və hər şeyə nəzarət edir.
- Bəs Rusiya sülhməramlıları ilə bağlı plan necə olacaq?
- Burada bir digər əsas məsələ Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsidir ki, bunun da artıq vaxtı çatıb. Rusiya sülhməramlıları oradan getməli və bölgədə sərhəd-keçid məntəqəmiz qoyulmalıdır.
Uşaqlarımız neçə gündür Şuşa-Laçın yolunda soyuqda, yağışda və qarda dayanıb ekoloji tədbir həyata keçirirlər. Amma ermənilər bunu da başa düşmürlər.
Qısası, bəzi qüvvələr bu gün müharibənin sülhlə yekunlaşmasını istəmir. Bunlar Rusiya, İran, Fransa və başqa qüvvələrdir. Ona görə də Ermənistan yekun sülhə razılıq verib masaya oturmur.
- Sülhdən danışmışkən, yaxın günlərdə Rusiyada və ABŞ-da yeni üçtərəfli görüşlərin keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Hətta delimitasiya prosesinin başlaması da gözlənilir. Qəfil baş tutan antiterror əməliyyatı bu prosesi tormozlaya bilərmi?
- Ermənistan tərəfindən hansısa delimitasiya prosesinin başlanmasını gözləmirəm. Çünki onlar buna gedən deyillər. Eləcə də onların yeni müharibəyə başlamasına da inanmıram, çünki elə də qüvvələri yoxdur.
Azərbaycan Prezidenti isə çalışır ki, bu sülh müqaviləsi imzalansın. Mən başa düşürəm onun vəziyyətini, ona xaricdən kifayət qədər təzyiqlər çoxdur. Lakin hesab edirəm ki, bu gün biz Brüssel formatından daha çox istifadə etməliyik, nəinki Moskvadan. Çünki Brüssel formatında təklif etdiyimiz 5 baza prinsipi ilə bağlı məsələlər öz müsbət həllini tapıb. ABŞ da tərəfdarıdır ki, tez-bazar sülh müqaviləsi imzalansın və sərhədlər müəyyən edilsin. Ona görə də Brüssel platformasından daha çox istifadə etməliyik.
Rafi MÜSLÜMOV