“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) faktiki olaraq qeyri-işlək, fəaliyyəti görünməyən, vətəndaşların güvən yeri olmayan bir qurumdur”. Bu fikirləri Tribunainfo.az-a Müstəqil Həmkarlar Birliyinin sədr müavini, hüquq müdafiəçisi Xəzər Teyyublu AHİK-in illərdir durğun işi haqda danışarkən deyib. Təşkilat yetkilisinin sözlərinə görə, hər gün Müstəqil Həmkarlar Birliyinə onlarla müxtəlif sosial şikayətlər, vətəndaşlar problemləri haqda müraciətlər daxil olur. “Bizə müraciət edən insanların tibbi sığorta, işsizlik, maaşların verilməməsi, müxtəlif sosial hüquqların pozulması barədə şikayətləri olur. Biz də üzərimizə düşəni edirik, müraciətləri dəqiq şəkildə araşdırırıq, yoxlayırıq, sonra həllinə dəstək olmağa çalışırıq. Misal üçün maaşlarının verilməməsi, gecikdirilməsi kimi hallar olub, bu istiqamətdə addımlarımız müsbət nəticə verib. Ümumən sosial problemlərlə bağlı şikayətlər çoxdur”,_ deyə X.Teyyublu bildirib.
MHB nümayəndəsi hesab edir ki, ilk növbədə AHİK iş görməlidir: “Amma bu qurum nə ictimai həyatda var, nə mətbuatda fəaliyyəti qabarıq şəkildə görünür. Əslində AHİK elə qurumdur ki, əməkçinin yanında dayanmalıdır, əmək müqaviləsi və Əmək Məcəlləsinin tələblərindən irəli gələrək vətəndaşların hüquqlarını müdafiə etməlidir. Bu gün həyatın bütün sahələrində çətinliklər mövcuddur. Xüsusən də işsizlik, təqaüdlər, icbari tibbi sığorta ilə bağlı AHİK səsini çıxarmır. Biz onların hansısa açıqlamasını, hökumətə təkliflər paketini görmürük. Bu gün əhalinin ən yaralı yeri icbari tibbi sığortadır. Hər hansı xəstəxanada tibbi sığorta ilə müayinədən keçmək işgəncəyə çevrilib. Çünki prosedur, tələblər o qədər çətinləşib ki, insanlar bezirlər. Amma Səttar Mehbalıyevin rəhbərlik etdiyi qurum bu yöndə hansısa fəaliyyəti ilə seçilmir. Faktiki olaraq, gözdən iraqda duran bir təşkiltdır. Onlar üzvlük haqqı və dövlət dotasiyası hesabına fəaliyyət göstərirlər. Ona görə xalq AHİK-in fəaliyyətini görmür. Əgər görsəydi insanlar ona müraciət edərdi, bu qurum əhalinin güvən yerinə çevrilərdi. Amma onlar “burda mənəm, Bağdadda kor xəlifəlik” edirlər”.
Hüquq müdafiəçisi məhz bu zərurətdən irəli gələrək Müstəqil Həmkarlar Birliyinin təsis edildiyini qeyd etdi: “Biz bu təşkilatın vətəndaşların müdafiəsində ehtiyacdan yarandığını hesab edirik. Misal üçün Bakıda sənaye müəssisələri varıydı: vauçerlər, çeklər verilmişdi, amma onların aqibəti bilinmədi. Bu məsələ də qaldırılmadı. O halda AHİK vətəndaşın ən vacib problemlərini nə vaxt müdafiə edəcək? Cəmiyyət bu qurumu demək olar ki, unudub. Ona görə biz bu istiqamətdə xalqa yardım etməyə çalışacağıq. Bizim onlarla rəqabət aparmaq fikrimiz yoxdur. Çünki resurslar bərabər deyil. Sadəcə dəstək verəcəyik və onlar da bilməlidirlər ki, əhalinin problemləri ilə maraqlanmaq lazımdır”.
Onu da deyək ki, son zamanlar AHİK sədri Mehbalıyevin ailə biznesinin siyahısı yayılıb. Bu da qurumun fəaliyyətini ortaya qoyur.