Türkiyənin 13-cü prezidentinin kim olacağınını müəyyən edəcək ikinci tur seçkisi dünya mediasının gündəmindəki əsas mövzulardan biridir.
ABŞ-ın “The New York Times” (NYT) qəzeti ikinci turdan əvvəl bütün dünyanın diqqətinin Türkiyədə olduğunu yazıb.
Amerika nəşri seçkidən əvvəl Türkiyədəki duruma da diqqət çəkib: “Əksər insanlar Ərdoğanın qalib gələcəyi ehtimalı ilə hərəkət edirlər. Ərdoğan ilk turda üstünlüyü ələ keçirib və ciddi dəstək alıb”.
“Ərdoğanın qələbəsi Türkiyənin dünya səhnəsindəki roluna necə təsir edəcək” sualına cavab axtaran NYT Qərbin bir hissəsinin Ərdoğana qarşı müxalifətdə olduğunu bildirib: “Beynəlxalq miqyasda, xüsusən də ABŞ və Avropada onun məğlub olmasını arzulayan çoxlu liderlər və siyasətçilər var. Amma bunu açıq demirlər”.
Almaniyanın “Frankfurter Rundschau” nəşri CHP sədri Kamal Kılıçdaroğlunun uğursuzluğunun Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsinə yol açdığını iddia edir. Alman qəzeti Kılıçdaroğlunun sağçı seçiciləri razı salmaq üçün ritorikasını dəyişdiyini yazıb. Amma bu addımının HDP (PKK terror təşkilatının siyasi qanadı) bazasından dəstəyin azalmasına səbəb ola biləcəyini vurğulayıb.
ABŞ-ın “Foreign Policy” qəzeti isə qeyd edib ki, Türkiyənin yüzilliyi yaxınlaşdıqca dünyəvilik yox, millətçilik dəbə minir.
“Türkiyə lideri hazırda diqqətçəkən geri dönüşü ilə ən güclü favoritdir”, deyən “Euronews” ilk turdan sonra Kılıçdaroğlunun siyasət dəyişikliyi etdiyini bildirib. Amma mənbənin iddiasına görə, “millətçilik kartı” əks nəticə verə bilər.
BBC vurğulayıb ki, Türkiyə lideri 20 illik hakimiyyətdən və ondan çox seçkidən sonra necə işləməyi bilir: “Ərdoğan kütləni orkestr dirijoru kimi nəzarətdə saxlayır”.
İkinci turun favoritinin Ərdoğan olduğunu yazan “Times of Israel” qəzeti Kılıçdaroğlunun gözləntiləri doğrultmadığını iddia edib.
Cümhur İttifaqının parlament çoxluğunu qazandığını yazan “Voice of America” Ərdoğanın ikinci tura saatlar qalmış yarışda öndə olduğunu vurğulayıb.