Özlərini “Rusiya Könüllüləri Korpusu” adlandıran hərbi birləşmələr Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətinə hərbi reydləri davam etdirirlər. Son iki gündür ki, xüsusilə vilayətin Şebekino şəhəri ətrafında intensiv döyüşlər getdiyi barədə məlumatlar verilir. Məlum diversiya qrupları Belqorod vilayətinin ayrı-ayrı yaşayış məntəqələrindən videogörüntülər paylaşırlar.
Eyni zamanda, Rusiya hakimiyyətinin gücü yalnız yerli əhalini evakuasiya etməyə, təhlükəli əraziyə giriş-çıxışı bağlamağa, diversiya qrupları ilə mübarizə görüntüsü yaratmağa, onlar Ukrayna ərazisinə qayıdandan sonra guya həmin hərbçilərin və onların texnikasının məhv edildiyinə dair yalan məlumatlar yayamağa çatır. Reallıqda isə Belqorod vilayəti başda olmaqla, Ukrayna ilə həmsərhəd vilayətlərin əhalisi ciddi təlaş içindədir, ayrı-ayrı yaşayış məntəqələrindən köç müşahidə olunur, yerli əhalinin narazılığı artır.
Kremlin bu baş verənlərin qarşısında nümayiş etdirdiyi acizlik açıq-aşkar gücsüzlüyündən irəli gəlir. Belə ki, Rusiya ordusunun pis-yaxşı döyüş qabiliyyətli bütün hərbi birləşmələri Ukrayna cəbhəsindədir və böyük həyəcan içərisində haradan və nəvaxt başlayacağını bilmədiyi Ukrayna əks-hücumunu gözləyir. Belqoroda göndərilən “Rosqvardiya” və polis qüvvələri isə təcrübəli, zirehli texnika ilə silahlanmış diversiya qruplarının qarşısında duruş gətirmək iqtidarında deyil. Bu mənzərə bölgədə vəziyyətin Kremlin nəzarətindən çıxdığını deməyə əsas verir.
Ukraynanın əks-hücumu gözlənilən bir vaxtda Belqorod Kremlin və Putinin gözünə görünmür və onun üçün əlavə başağrısından başqa bir şey deyil. Ancaq Belqorodda vəziyyət getdikcə ağırlaşdığından buna hansısa formada reaksiya vermək, oraya əlavə hərbi birləşmələr cəlb etmək mütləqdir.
Ukraynada və Rusiyada bəzi KİV-lər yazırlar ki, Kreml Uzaq Şərqdə, Çinlə sərhəddə yerləşən birləşmələrini Belqoroda atmaq istəyir. Lakin məsələ ondadır ki, bu qüvvələrə elə Ukrayna cəbhəsinin özündə böyük ehtiyac var. Çünki 1000 kilometrdən artıq uzunluğu olan cəbhə xəttində bütün “deşikləri” doldurmaq mümkün olmur, bunun üçün əlavə qüvvəyə ehtiyac var. Xüsusilə də nəzərə alınsa ki, əks-hücumun hansı istiqamətdə həyata keçiriləcəyini heç kim dəqiq bilmir, o zaman bütün cəbhə xəttini bərkitmək qaçılmazdır.
Bu arada Böyük Britaniya kəşfiyyatı son hesabatında Putinin çətin seçim qarşısında qaldığını qeyd edib. Britaniya kəşfiyyatı bildirir ki, məlum diversiya qrupları son on gündə artıq ikinci dəfədir ki, sözügedən əraziyə hərbi reydlər təşkil edir. Rusiya buna cavab olaraq hərbi aviasiyadan, ağır zirehli texnikadan, hətta “TOS-1A” sistemindən istifadə etmək, öz ərazisində ağır hərbi əməliyyatlar keçirmək məcburiyyətində qalıb. Lakin buna baxmayaraq, diversiya qruplarının qarşısını tam şəkildə almaqda acizlik göstərir.
Britaniya kəşfiyyatı hesab edir ki, indi Putin ya əlavə qüvvələri Belqorodun müdafdiəsinə atmalıdır, ya da orada baş verənləri görməzdən gələrək, insanları taleyin ümidinə buraxmalı, bütün qüvvəni cəbhənin müdafiəsinə yönəltməlidir. Lakin hər iki variant təhlükəlidir. Qüvvələr Belqoroda atılsa, cəbhədə ciddi problemlər yarana bilər. Belqorodun müdafiəsi təşkil olunmasa, Kremlin onsuz da zədələnmiş ölkə daxili reputasiyası daha bir ağır zərbə alar, əhalinin narazılığı, hakimiyyətə etirazı artar.
Göründüyü kimi, “üç günə Kiyevi alan” Kreml indi öz vilayətlərini qorumaqda çətinlik çəkir, dilemma qarşısında qalıb, nə irəli gedə bilir, nə də geri. Ancaq əsas odur ki, Putinin dediyi kimi, “hər şey plan üzrə gedir”...
C.Məmmədov