“Statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır”.
Bu barədə bir müddət əvvəl Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev danışıb. Nazir hesab edir ki, taksilərin tıxaca və ekoloji vəziyyətə mənfi təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. “Fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır”-deyə nazir vurğulayıb.
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təqdimat olmasa idi, açıqlamadan konkret nəticəyə gəlmək olmazdı ki, fikirlər Rəqəmsal İnkişaf və Nəqliyyat, yaxud iqtisadiyyat və ya digər nazirliyin rəsmisi tərəfindən ifadə edilib. Yəni, müzakirə olunan məsələlərdə texniki tərəflər qədər, iqtisadi və digər problemlərə də toxunulub.
“Məsələn, nazir, sürücülərin gün ərzində 16 saat sükan arxasında olmasını qeyd edib. Təhlükəsizlik tələbləri önəmlidir. Misal üçün, neft-qaz hasilatı zamanı ağır və ya fasiləsiz əmək fəaliyyətini Energetika Nazirliyi tənzimləyir, yoxsa əmək məsələlərinə dair qurumlar?! Çünki istənilən halda, hər subyektin özünün öz təyinat və öhdəlikləri mövcuddur. Bu kimi detallar nəzərə alınmadıqda isə, taksi sayının azaldılması bilməyərəkdən də olsa, əks effektlə nəticələnə bilər. Bu baxımdan məsələyə dair öhdəlikləri təyinatı üzrə aidiyyatı qurumlar götürməlidir”-deyən iqtisadçı bildirib ki, qeyd edilən digər məqam Bakı şəhərində oxşar şəhərlərlə müqayisədə hər min nəfərə düşən taksi sayının 4-5 dəfə çox olması olub.
Ortaya sual çıxır ki, oxşar şəhərlər hansılardır? Bakı şəhərində əhali sayı rəsmi yoxsa, qeyri-rəsmi məlumatlara əsaslanır? Ümumiyyətlə, ölkədə və paytaxtda taksi sayı nə qədərdir?
Məsələn, rəsmi rəqəmlərə görə, Bakı şəhərində 2,3 milyon şəxs yaşayır. Alternativ məlumatlara görə isə, paytaxtda 28 min taksi fəaliyyət göstərir.
İqtisadçının fikrincə, müqayisə aparanda da, əhalisi Nyu Yorkdan 2-3 dəfə az olan Bakıda eyni sayda taksi var. Yəni, Bakıda hər 82 nəfərə bir taksi düşdüyü halda, bu rəqəm Nyu-Yorkda 300, Parisdə 360, Sinqapurda 200, İstanbulda isə 800-dür.
“Bu prizmadan baxdıqda, nazirin fikirlərinə haqq qazandırmaq mümkündür. Ancaq, nazirin qeyd etdiyi araşdırmada hansı şəhərlərin nəzərdə tutulduğu və o şəhərlərdə vəziyyətin (məsələn, ictimai nəqliyyat və bələdiyyə idarəçiliyi) necə olduğunu da öyrənmək lazımdır”- deyə iqtisadçı qeyd edib.
Ekoloji problemlərə gəldikdə isə, iqtisadçı əlavə edib ki, benizinin də bahalaşması bu amillə əsaslandırılıb.
“Ekoloji səmərəlilik strategiya və qətiyyət, fundamental dəyişiklik tələb edir. Məsələn, 3 il əvvəl Lüksemburqun ictimai nəqliyyatı ləğv etməsi. Sistematik problemlər həll olmasa da, ətraf mühit baxımından önəmli təsir göstərib. Bu gün nazirin qeyd etdiyi kimi taksilərin 50%-dən çoxunun yaşı 15-dən yuxarıdırsa, sərnişindaşıma avtobuslarının da cəmi 15%-i yaşı 10 ilə qədərdir. Yəni, taksiləri azaltmaq ictimai nəqliyyata tələbi artıracaq? Lap tutaq artırdı, bəs ekoloji səmərəlilik artacaq? Bu baxımdan, təkcə bu işlərdə deyil, eləcə də bütün növ islahatlar zamanı ilkin şərt ona dair düzgün “narrativ”in (hekayə, təqdimat) formalaşdırılmasıdır. Lakin təəssüflər olsun ki, ictimai nəqliyyat və benizinin qiyməti artırılanda da, oxşar yöndə izahlarla qıcıq və narazılıqlara səbəb olunmuşdu”-deyə iqtisadçı vurğulayıb ki, belə hallar niyyətdən asılı olmayaraq, görülən işin səmərəlilik və keyfiyyətini kölgə altında qoyur.