Azərbaycanda uzun illərdir icra hakimiyyəti idarəçilik sisteminin özünü doğrultmadığı, bu strukturun ləğv edilməli və daha müasir, çevik idarəetmə sistemilə əvəz edilməli olduğu ətrafında müzakirələr gedir. Ancaq nədənsə, heç cür konkret nəticəyə gəlinmir və köhnəlmiş, “kiflənmiş”, insanların gözündən düşmüş bu idarəçilik institutundan imtina edilmir.
Bu idarəetmə üsulu o qədər çürüyüb ki, hər yeni gələn gənc başçının təkcə şəxsən özünün korrupsioner, rüşvətxor olmadığını sübut etməsinə bir neçə il lazımdır. O da sübut edə bilsə...
Gədəbəydəki son məlum hadisələr göstərdi ki, icra hakimiyyəti başçılarının yaşı, təhsili, xarici görkəmi və s. dəyişsə də, mahiyyəti, idarəetmə düşüncəsi və fəlsəfəsi dəyişməyib. Əgər ucqar kənddə, dağın başında xalqla polis qarşı-qarşıya gəlirsə, deməli, xalqla polis arasında olan digər orqanlar - icra hakimiyyəti, nazirliklər və digər strukturlar öz vəzifələrini yerinə yetirməyiblər. Yəni, yoxmuş kimidirlər. Bu strukturlara qocalı-cavanlı rəhbərlik edənlərin böyük əksəriyyəti isə əhali ilə mərkəzi hakimiyyət arasında körpü olmaq əvəzinə divar olmağa üstünlük verirlər...
“İş-işdən keçəndən sonra” Söyüdlüyə gələn Gədəbəyin icra başçısının etiraz edən kənd camaatı ilə görüşündən göründü ki, xalq bu adama qulaq asmaq belə istəmir və bu, sadəcə həmin cavan oğlanın şəxsi keyfiyyətləri ilə yox, həm də ümumilikdə xalqın icra hakimiyyəti institutuna inamsızlığı ilə bağlıdır. Gənc icra başçısının bunu nə dərəcədə anladığını deyə bilmərik, amma reallıq budur ki, kənd camaatının ciddi narazılığının kökü sadəcə ekoloji, hüquqi və s. yox, daha çox sosial problemlərlə bağlıdır...
İnsanlar gözəl bilir ki, bu adam heç nə həll etmir, bu adam ”camaatın adamı” deyil və ola da bilməz. O, öz mahiyyəti, bacarığı, nüfuzu etibarilə bir tərəfdən mərkəzi hakimiyyət qarşısında hansısa dərin problemi qoyub, onun həllinə nail olmaq, digər tərəfdən isə camaatın qarşısına çıxıb, dövlətin adından danışmaq, konkret vədlər vermək, çıxış yolu göstərmək, insanları sakitləşdirmək iqtidarında deyil. Əgər belə olmasaydı, icra hakimiyyəti mərkəzi hakimiyyətin yerdəki təmsilçisi kimi dağın başında camaatla polisin əlbəyaxa olmasına gətirib çıxaran durumun yaranmasına imkan verməzdi. Və bu, təkcə Gədəbəyin icra başçısına aid deyil, demək olar, başçıların hamısı bu vəziyyətdədir...
Belə təəssürat yaranır ki, yeni təyin olunan “Avropa təhsilli” gənc icra başçıları rəhbərlik etdikləri rayonlardakı saf kənd camaatının “orqanizmi” üçün “yad cisim”dirlər və onlara heç cür uyğunlaşa, “doğmalaşa" bilmirlər. Çünki bu gənc kadrların əksəriyyətinin heç bir ideoloji hazırlığı, əsl mənada ideologiyası yoxdur, daşıdıqları vəzifənin siyasi yükünü anlamaqda çətinlik çəkirlər. Onların siyasi savadı isə əhalinin çoxdan “doyduğu” şablon ifadələrdən və tezislərdən o yana keçmir.
Bu da təbiidir, çünki onlar seçkili orqanı təmsil etmirlər, seçilməyiblər, təyin olunublar və xalq qarşısında bu vəzifəyə layiq olduqlarını sübut edən imtahanlardan keçməyiblər. Digər yandan, onlar bu vəzifələrə sadəcə, karyera tramplini kimi baxırlar və fikirləri tamamilə başqa yerlərdədir. Ancaq “bədbəxtçilik” ondadır ki, bu kadrlar ideoloji “yoxsulluqları” bir tərəfə, texnokrat kimi də əksər hallarda özlərini doğrulda bilmirlər...
Söhbət ideologiyadan düşmüşkən, Söyüdlü kəndi 103 saylı Gədəbəy seçki dairəsinə aiddir və bu dairənin deputatı Yeni Azərbaycan Partiyasının üzvü Sevinc Hüseynovadır. Müvafiq icra hakimiyyəti strukturları, nazirlikər kimi deputatın da bu baş verənlərdə ciddi məsuliyyəti var. İndiyə qədər kimsə bu şəxsin nə mətbuatda, nə də Milli Məclisdə Söyüdlü camaatının pproblemini qaldırmasının şahidi olubmu? Xeyr. Ola da bilməzdi...
Seçkidə S.Hüseynovaya, deyilənə görə, Söyüdlü əhalisinin 63 faizi səs verib. Ancaq deputat özünü vaxtında qabağa versəydi, camaatın dərdini çatdırsaydı və onun sözünün 63 qram çəkisi olsaydı, dövlət və cəmiyyət olaraq bizə heç də başucalığı gətirməyən bu qarşıdurma yaşanmazdı.
Bir sözlə, Azərbaycanda yerli idarəçilik mümkün qədər daha çox seçkili orqanlara verilmədikcə və bu orqanlara seçkilər şəffaf, dürüst şəkildə keçirilmədikcə, Gədəbəydəki kimi “dağlarda döyüş” səhnələrini çox izləyə bilərik...
Cəlal Məmmədov
“AzPolitika.info”